Paytaxt yollarında tez-tez yüksək səslə musiqi dinləyən sürücülərə rast gəlirik. Xüsusən də axşam vaxtı belə hallar artır. Bu azmış kimi, bəzi şəxslər hərəkətdə olan maşının pəncərəsindən bədənini bayıra çıxarıb hərəkətlər edir, yol hərəkəti qaydalarını pozur, hərəkət iştirakçılarına mane olur, özlərinin və digərlərinin həyatını təhlükəyə atırlar.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, gündüz vaxtı yolda avtomobildə yüksək səslə mahnı dinləmək qadağan deyil:
“Yol hərəkəti haqqında qaydalarda bununla bağlı hər hansı bir müddəa yoxdur. Lakin əgər bu səs ətrafdakı insanları narahat edəcək səviyyədədirsə, ictimai yerlərdə eşidilirsə qanun pozuntusuna səbəb olur. Gecə saat 12-dən səhər saat 7-yə qədər yüksək səslə mahnı qoymaq, musiqi alətlərində ifa etmək qadağandır. Bunu edən şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun 150-200 manat məbləğində cərimə olunur.
Hərəkətdə olan avtomobilin pəncərəsindən bədəni bayıra çıxarmaq, müxtəlif hərəkətlər etmək, yol hərəkəti iştirakçılarının, sürücünün fikrini yayındırmaq müvafiq qanunvericiliyə uyğun məsuliyyətə səbəb ola bilər. Düşünürəm ki, belə hallara qarşı mübarizə tədbirləri daha da sərtləşdirilməlidir. Belə hərəkətlər ictimai asayişi pozur, yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atır, qəzalara səbəb olur”.
Törə Zeynallı Demokrat.az


