Lənkəranda 1991-ci il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevdaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Pərviz və Sevdanın birgə yaşadığı fərdi yaşayış evinin qonaq otağında baş verib. Pərviz qeyri-rəsmi nikah münasibətlərində yaşadığı həyat yoldaşı Sevda ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla bir neçə dəfə onun sifət nahiyyəsinə vurub.
Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 21 radələrində həyat yoldaşı ilə yaşadıqları evdə olduqları zaman, sonuncu öz anası ilə telefonda danışaraq valideynlərinin ünvanına xoşagəlməz sözlər işlədib. Onun ifadəsinə görə, buna görə onunla mübahisə edərək onu bir neçə dəfə yumruqla vurub.
İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, hadisə günü əri Pərviz ilə evlərində olduğu zaman anası ilə telefonda danışıb. O bildirib ki, bu zaman ərinin valideynlərindən gileyləndiyi üçün əri onu döyüb.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


