"Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. Burada çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir. Psixiatriya xəstəxanalarında bir qayda olaraq, farmakoterapiya ilə məhdudlaşan müalicə tətbiq edilir. Xarici ölkələrin müsbət təcrübəsi və müasir yanaşmalar nəzərə alınmaqla izolyasiya təcrübəsindən tədricən imtina edilməsi, icma əsaslı xəstəxanaların, müalicə-istehsal sahələrinin yaradılması, əmək reabilitasiyası təcrübəsinin tətbiqi tərəfimizdən tövsiyə olunur. Səhiyyə naziri Teymur Musayev əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı psixi sindromlarla bağlı praktiki addımlar atılıb və İşçi qrup yaradılıb. Həmçinin vurğulayıb ki, gələcək 3-5 il ərzində psixiatrların sayı artırılmalıdır. Səhiyyə Nazirliyi bununla bağlı sənəd hazırlayır. Bu yolla psixiatriya xidmətinə fərqli yanaşmanı təmin etmək mümkün olacaq.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli məsələ ilə bağlı Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bütün bunlar göstərilən narkoloji xidmətin keyfiyyətini artmasına gətirib çıxaracaq: 
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov da gözlənilən yeniliklərin əhəmiyyəti barədə sayta açıqlama verib.

Onun fikrincə, psixi sağlamlıq sahəsində reallaşacaq yeniliklər psixoloji xidmət sahəsinə də müsbət təsirini göstərəcək:
“Maddə və digər asılılıqlardan əziyyət çəkənlərin cəmiyyətə adaptasiya olunması üçün hədəf qrupu olan şəxslərin ailələri və cəmiyyətlə psixoloji maarifləndirmə fəaliyyətləri davamlı aparılmalıdır. Adaptasiya prosesi tam formada reallaşır. Asılılıqdan əziyyət çəkən şəxsdə istər müalicə aldığı zaman, istərsə də müalicədən sonrakı mərhələdə psixoloji immunitet formalaşmalıdır.
Səhiyyə naziri cənab Teymur Musayevin "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada etdiyi çıxışı və tədbirdə müzakirə olunan fikirləri mediadan diqqətlə izlədim. Psixiatrların sayının artırılması və iki narkoloji xəstəxananın inşa edilməsi ölkədə psixoloji xidmətlərin genişlənməsinə imkan yaradacaq. Reallaşacaq layihələr daha geniş fəaliyyətlərin başlanğıc nöqtəsi olacaq. Psixi sağlamlığın bütün istiqamətləri üzrə fəaliyyətlər genişləndikcə tənzimlənəcək.
Müntəzəm psixi sağlamlıq istiqamətində mediada işıqlandırılan məsələlərin tədbirdə aktual olması da təqdirəlayiqdir. Psixi sağlamlıq mövzusunda fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Qabaqlayıcı tədbirlərin düşünülməsi keyfiyyət göstəricisinin artmasına təsir edir. Psixiatriya, klinik psixologiya, psixologiya və digər uyğun psixi sağlamlıq istiqamətlərində dövlətin mövqeyi psixoloji xidmətin inkişaf etməsinə və tənzimlənməsinə müsbət təsir göstərmiş olur”.
Törə Zeynallı Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqamətində hazırlanıb.


