“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Anklav olmayan 4 kəndin də Azərbaycana verilməsi barədə müəyyən razılıqlar var. Amma görürük ki, Ermənistan tərəfi hələ də manipulyasiya ilə məşğuldur. Qərbin müəyyən mərkəzləri, xüsusilə Fransa tərəfindən verilən təlimatlar əsasında hərəkət edir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, Ermənistan hakimiyyətinin siyasi iradəyə malik olmadığını vurğulayıb:
“Danışıqların getdiyi bir vaxtda, Azərbaycan sülh üçün siyasi iradə ortaya qoyduğu bir ərəfədə Ermənistanın şərti sərhədə zirehli texnika, artilleriya qurğuları, şəxsi heyət yerləşdirməsi onun təxribatlarda maraqlı olduğu və sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlardan imtina edə biləcəyi şəklində şərh oluna bilər. Əlbəttə ki, Azərbaycan bu məsələdə prinsipialdır və istənilən vaxt Ermənistana zərbə vura bilər. Qarşı tərəf də bunu yaxşı bilir, sadəcə olaraq Ermənistan tərəfi danışıqlardan yayınmaq üçün ola bilər ki, dırnaqarası gücdən istifadə etməyi hədəfləsin.
Ermənistanın xarici ölkələrdən silah alması onu deməyə əsas verir ki, təxribatlara da əl ata bilər. Amma düşünürəm ki, indiki vəziyyətdə Azərbaycanın cavab tədbirləri Ermənistanı çəkindirəcək. Ümumilikdə hesab edirəm ki, yeni müharibədən söhbət gedə bilməz, çünki Ermənistan da, havadarları da yaxşı bilir ki, o, bu dəfə də məğlubiyyətə uğrayacaq”.
Törə Zeynallı Demokrat.az


