Gündəm Özəl

“Azad olunmuş ərazilərə insanlar tam qayıtdıqdan sonra yandırılan tonqalların da mənası dəyişəcək”

“Azad olunmuş ərazilərə insanlar tam qayıtdıqdan sonra yandırılan tonqalların da mənası dəyişəcək”

Bayramlar insanlar arasında sosiallaşmanı gücləndirən əlamətdar hadisədir. Milli-mənəvi dəyərlərə söykənən, adət-ənənələri yaşadan bayramlar isə ilin digər günlərindən xüsusilə seçilir. Xalqımızın əsrlərdən gələn mədəniyyətini, həyat tərzini özündə birləşdirən Novruz bayramı bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Baharın gəlişini, təbiətin canlanmasını, torpağın dirçəlişini, bolluq və bərəkəti simvolizə edən Novruz yeni ilin başlanğıcıdır, qışdan yaza keçiddir. Tarixi qədimlərə gedib çıxan Novruz həm də rəngarəngliyi ilə seçilir. Bayramqabağı dörd çərşənbənin qeyd olunması, hər çərşənbə axşamının özünəməxsus ritualları, eləcə də bayram günlərində müxtəlif adətlərin yerinə yetirilməsi qədim insanların yazın gəlişini özündə ehtiva edən bu bayrama necə böyük önəm verdiklərini sübut edir. Azərbaycan xalqı bu dəyərləri müasir dövrdə də yaşadır, gələcəyə ərməğan edir.

“Azad olunmuş ərazilərə insanlar tam qayıtdıqdan sonra yandırılan tonqalların da mənası dəyişəcək”

Bəzi Novruz adətləri günümüzdə yaşadılsa da, bəziləri unudulmaqdadır. Folklorşünas filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova Demokrat.az-a bayramın tarixindən və çoxumuzun bilmədiyi adətlərindən danışıb:

“Mərkəzi Asiya, Qafqaz kimi geniş coğrafiyalarda yayılan Novruz bayramı bütün türk xalqlarının sevimli bayramıdır. Türklərin bütün yazılı abidələrində bayramın izlərinə rast gəlirik. Qədim insanların həyat tərzindən xəbər verən Novruz adətləri özündə bir çox tarixi məqamları əks etdirir. Qədimdə əkinçilik insanların əsas məşğuliyyəti olub, səməni göyərtmək məhz bunun təzahürüdür, eyni zamanda torpağın oyanışına işarə edir. Bərəkət rəmzi olan səmənini ayaq altına atmaq olmaz. Tarixə nəzər salsaq, görərik ki, qədimdə əkinçiliklə yanaşı maldarlıq da əsas məşğuliyyət növlərindən olub. Belə ki, pendir düzətmək üçün yazda gurlaşan bulaqların suyundan götürüb ilk dəfə maya tuturdular. Yumurta bəzəmək adəti isə türk xalqları arasında xalçaçılıq sənətinin məşhur olduğunu və türrk qadınlarının mahir xalçaçı olduğunu göstərir.

“Azad olunmuş ərazilərə insanlar tam qayıtdıqdan sonra yandırılan tonqalların da mənası dəyişəcək”

Novruz həm də sevənlərin bir-birini görməsi üçün bir vasitə idi. Cavanlar sevdikləri qızı görmək üçün bayram payı bəhanəsi ilə bacalardan qurşaq və ya xurcun sallayardılar və ya qızın qapısını döyərdilər. Bayramın maraqlı adətlərindən biri də kəndirbaz oyunudur. İlaxır çərşənbədə və ya bayram günü kəndirbazlar kəndir üzərinə çıxıb məharətlərini göstərir, pəhləvanlar güləşərək güclərini nümayiş etdirirdilər. Bu mərasimləri mütləq qara zurna, cəngi havası müşayiət etməli idi.

Bu gün unudulan Novruz adətlərindən biri də lopa atmaqdır. Bunu kişilər icra edirdi. Qalın bir çomağın başına köhnə paltar, parça dolayıb məftillə sarıyırdılar və bir gün neftin içinə qoyurdular. Növbəti gün şər qarışanda ailə üzvlərinin hərəsinin adına bir lopa yandırıb səmaya doğru fırladırdılar. Bununla şər qüvvələri məhv etdiklərinə inanırdılar. İnanca görə, dünyasını dəyişən insanlar bayram günü evlərini ziyarət edir. Həyətdə lopa yandırırdılar ki, ruhlar evlərini rahat tapa bilsin. Lopa yandırmaq adəti qədim türklərin od kultu ilə bağlıdır. Od müqəddəsdir, xeyirin şər üzərində qələbəsini əks etdirir. Ocağın külünü tapdalamaq olmaz, ona görə də ağacın dibinə tökürdülər ki, ayaq altında qalmasın. Qədim türklər köç edərkən yandırdıqları ocağın külünü də özləri ilə apararmışlar ki, yeni yurdları bərəkətli olsun. Bayram günü çörək bişirilən sacın külünü də qonşuya vermirdilər, çünki həmin kül evin ruzi-bərəkəti sayılırdı.

Qatara yumurta düzmək adəti də çoxumuzun bilmədiyi adətlərdəndir. Daha çox qərb bölgəsində yayılıb. 10-15 nəfər oğlan sırayla öz yumurtasını düzür, daha sonra yumurtaları döyüşdürürdülər, qalib gələn bütün yumurtaları aparırdı”.

Builki Novruz xalqımız üçün əlamətdar hadisə ilə yadda qaldı. Prezident İlham Əliyev Xankəndi şəhərində bayram tonqalını alovlandırdı. Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən ölkə başçısı qeyd etdi ki, dördüncü dəfədir azad edilmiş Qarabağ torpağında bayram tonqalı qalanır:

“2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”. Prezident davam edən geniş quruculuq işlərindən də söz açdı: “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”, - deyə dövlət başçısı vurğuladı.

Tanınmış jurnalist Asəf Quliyev də sayta açıqlamasında bu il tarixi hadisə ilə yaddaqalan bayram haqqında təəssüratlarını bölüşüb:

“Azad olunmuş ərazilərə insanlar tam qayıtdıqdan sonra yandırılan tonqalların da mənası dəyişəcək”
“Sözsüz ki, Xankəndidə Novruz tonqalının yandırılması çox əlamətdar hadisədir. Artıq Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərqərar olunub. Artıq Azərbaycan 30 ildən çox davam edən problemi həll edib. Əlbəttə ki, bunu duymaq, bunu yaşamaq çox qürurvericidir.

Amma hələ qarşıda görüləsi işlər çoxdur. Dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən canlanması üçün addımlar atır. Bunun üçün müəyyən zaman lazımdır, infrastruktur qurulmalıdır, qarşıda görüləsi nəhəng işlər var.

Amma bütün bunların zirvəsi insanların azad olunmuş ərazilərə qayıtması və orada sözün həqiqi mənasında məskunlaşmasıdır. Çünki Şuşanın da, Laçının da, Kəlbəcərin də, Ağdamın da, ümumilikdə Qarabağın zinəti oranın insanlarıdır. Azad olunmuş ərazilərə insanlar tam qayıtdıqdan sonra yandırılan tonqalların da mənası tam dəyişəcək”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində hazırlanıb.

NE
Nihadə Eyyubova