Kriminal Özəl

Sumqayıtda ər arvadını döydü — TƏFƏRRÜAT

Sumqayıtda ər arvadını döydü — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Səməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mayaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 12-ci mkrorayonda baş verib. Səməd yaşadığı mənzildə ailə-məişət zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Mayaya əli ilə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həyat yoldaşı Maya mütəmadi olaraq oğlu İlqarı dərslərini yaxşı oxumadığı, kursa getmədiyi üçün danlayır: “Mən də Mayaya oğlumu danlamağına görə öz iradımı bildirdim. Hadisə günü, təxminən saat 22.20-də yaşadığım ünvanda olan zaman Maya yenə İlqarı dərs oxumadığı üçün danladım. Mayaya yenə öz iradımı bildirdim. Lakin Maya yenə öz hərəkətlərinə davam etdi. Mən də həmin vaxt əsəbləşib şillə ilə onun sol sifət nahiyyəsinin göz tərəfinə vurdum”.

İş üzrə zərərçəkmiş Mayanın sözlərinə görə, oğlu İlqarın dərslərini yaxşı oxumağını, kursa getməyini tələb edir: “Buna görə İlqarı tənbeh edirəm, danlayıram. Lakin ərim Səməd mənə qarşı çıxıb uşağın tərbiyəsinə pis təsir edir. Hadisə günü, təxminən saat 22.20-da yaşadığım ünvanda olan zaman yenə İlqarı dərs oxumadığı üçün danladım. Həmin vaxt yaşadığım ünvanda olan həyat yoldaşım Səməd İlqarı müdafiə etdi. Mən Səmədə İlqarın tərbiyəsinə pis təsir etdiyini deyən zaman anidən üzərimə gəldi, şillə ilə sol sifət nahiyyəmin göz tərəfinə vurdu. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək ərim tərəfindən döyülməyim barədə məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova