Son illər ölkədə həyata keçirilən mühüm islahatlar öz bəhrələrini verməkdədir. Bu ictimai - siyasi, iqtisadi, mənəvi həyatımızın bütün sahələrini əhatə edir və hüquqi, demokratik dövlətin - Azərbaycanın daha sürətli inkişafına, beynəlxalq aləmdə tanınmasına, nüfuz qazanmasına imkanlar yaradır.
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi də məhz buna hesablanmışdı. Məqsəd ölkədə aparılan sistemli islahatları daha da dərinləşdirmək, qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək, millət vəkillərinin işgüzarlını artırmaq idi.
Prezident cənab İlham Əliyevin VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər də məhz beynəlxalq aləmdə baş verən hadisələrə və Azərbaycanın dünyadakı mövqeyinə, həyata keçirilən sosial - iqtisadi vəzifələrə, siyasi yeniliklərə, mühüm islahatlara və bilavasitə Parlamentin gələcək fəaliyyətinin formalaşdırılmasına və təkmilləşdirilməsinə yönəldilmişdi.
Cənab Prezidentin öz çıxışında Milli Məclisin fəaliyyətinə, deputatların işinə yüksək qiymət verməsi və qanunvericiliyinin yeni yol xəritəsinin qarşıya qoyulması, Parlamentin ölkənin inkişafındakı roluna böyük inam bəslənilməsi qürurverici idi və hər bir deputat bunu gələcək iş proqramı kimi qəbul etdi.
Bu gün demək olar ki, Milli Məclis ölkəmizin Prezidentinin qarşıya qoyduğu vəzifələri yerinə yetirməkdədir. Parlamentin beynəlxalq aləmlə əlaqələri genişlənmiş, fəaliyyəti xeyli təkmilləşdirilmiş, deputatların fəallığı yüksəlmişdir. Müharibə günlərində, pandemiyaya qarşı mübarizədə, insanlarla təmasda, yerlərdə keçirilən görüşlərdə, mühüm qanunların qəbulunda bu fəallıq özünü bir daha göstərmişdir. Deputatlar ölkənin milli təhlükəsizlik və müdafiə məsələlərinə, sosial - iqtisadi yeniliklərə, respublikada keçirilən beynəlxalq tədbirlərə, xarici ölkələrə səfərlərə və təmsilçiliyə böyük önəm verirlər. Əlbəttə bu Prezidentimizin yürütdüyü düşünülmüş siyasətə əsaslanır və gələcək xoşbəxt həyatımız, inkişafımız üçün vacib və əhəmiyyətlidir.
Tahir Rzayev Milli Məclisin Aqrar siyasətkomitəsinin sədri


