Sosial Özəl

İçməli su ehtiyatı artacaq — Xəzərin hesabına

İçməli su ehtiyatı artacaq — Xəzərin hesabına

Xəzər dənizinin suyu duzsuzlaşdırılacaq. İqtisadiyyat Nazirliyinin məlumatına görə Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsi həyata keçiriləcək. Suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon kubmetr olacaq.

Ekoloq Rövşən Abbasov layihənin uğurlu olacağına inanır.

O, Demokrat.az-a açıqlamasında deyib ki, , alternativ su mənbələrindən istifadə qaçılmazdır:

İçməli su ehtiyatı artacaq — Xəzərin hesabına

“100 milyon kubmetr çox böyüm rəqəmdir. Bu, təxminən Oğuz-Qəbələ su kəmərinin hazırda təmin etdiyi suyun həcmindən çoxdur və Abşeron yarımadası üçün böyük su mənbəyi deməkdir. Ölkənin mövcud su mənbələri iqlim dəyişikliyinin təsiri ilə getdikcə azalır. Digər tərəfdən, Azərbaycanın su ehtiyatları qonşu ölkələrdən gələn suların azalması fonunda ehtiyacı ödəməməkdədir. Türkiyədən, Gürcüstandan, Ermənistandan bizə əvvəlki qədər su gəlmir.

Bu baxımdan Xəzər dənizi çox yaxşı alternativdir. Abşeron yarımadasının suvarma üçün su mənbəyi də yoxdur. Abşeron kəndlərində bağların, kənd təsərrüfatı sahələrinin, parkların suvarılmasında içməli sudan istifadə olunur. Bu, əlbəttə ki, su qıtlığına səbəb olur. Ona görə də hesab edirəm ki, Xəzərin suyunun şirinləşdirilib ilkin mərhələdə kənd təsərrüfatında, sonradan isə içməli su kimi istifadə olunması üçün böyük potensial var”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova