Sosial

“Dini məkanların işğaldan azad olunması insanlara ilahi ruh verib” — Rauf Zeyni

“Dini məkanların işğaldan azad olunması insanlara ilahi ruh verib” — Rauf Zeyni

Ölkəmizdə dini abidələrə qarşı dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Azərbaycan multikultural və tolerant ölkə olaraq hər zaman dini ziyarətgahların bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayıb.

Bəs işğaldan azad edilmiş bir ərazi və dini məkanların bərpası, müsəlman cəmiyyətlərinə hansı mənəvi və ictimai faydalar təmin edir?

QHT.az bu sualı Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyniyə ünvanlayıb.

Onun sözlərinə görə, insan yarandığı gündən, düşüncəsi formalaşandan ədalətin bərpa olunmasını gözləyir: “İşğal aqressiyadır, ədalətsiz bir haldır. Çünki bir toplum digər bir topluma məxsus olan, onun haqqı olan ərazisini, torpağını, onun inancını, dini abidələrini, milli-mənəvi dəyərini alır, işğal edir, uçurur, dağıdır. Bu da ədalətsizlik deməkdir. Hər hansı bir ərazinin işğaldan azad olunması, tarixi və dini, mənəvi abidələrin bərpa olunması, necə ki 2022-ci ildə Azərbaycanın müzəffər ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 28 ildən sonra torpaqlarımızı işğaldan azad etdi, bu insanlarda böyük inam, ədalət hissi yaratdı ki, gec-tez ədalət zəfər çalacaq, ədalət bərpa olunacaq. Bu çox ciddi məsələdir. Bütün bəşəriyyət, bütün insanlıq bunu düşünür və belə bir hal baş verdikdə insanlara inam verir. Onların haqq-ədalət yolunda ibadətlərinin, dualarının müsbət nəticə verdiklərini göstərir. Bu mühüm tarixi, ilahi, mənəvi hadisədir”.

Rauf Zeyni həmçinin bildirib ki, insan öz dualarının gerçəkləşdiyini gördükdə ilahi bağlar daha da güclənir, insan daha çox inanır: “Bu da inanın mənəvi kompleksinin bərpa olunması, insanın xilas olunması deməkdir. İnsan yaranandan ta dünyasını dəyişənə qədər inam onu tərk etmir. Bu mənəvi, dini dəyərlərə aid olan məsələdir ki, bir məscidin, tarixi abidənin bərpa olunması insanlarda böyük ruh yüksəkliyi yaradır. Bu da bizim ərazimizdə Azərbaycan xalqının tarixən multikultural, tolerand xalq olduğunu, cəmiyyətimizin tolerant cəmiyyət olduğunu nəzərə alsaq, biz bu proseslərdə tarixi abidələrimizin nə qədər təhqir olunduğunun şahidi olmuşuq. Bu bizə mənəvi əzab verib. Bunun dəfələrlə şahidi olmuşuq. Abidələrimizin işğaldan azad olunması insanlarda çox böyük mənəvi yüksəklik yaradıb, ilahi ruh verib. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah şəfa versin. Bütün xalqımız, rühani xadimlərimiz bu azadlığa görə ordumuza, Ali Baş Komandana, tanrıya minnətdarlığını bildirir”.

D
demokrat.az