İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksiz markasız və saxta aksiz markalı tütün məhsullarının pərakəndə satışı hallarını aradan qaldırıb. Paytaxtda yerləşən 21 satış nöqtəsində aparılan nəzarət tədbirləri nəticəsində 16062 qutu belə tütün məhsulu aşkarlanaraq götürülüb.
"Aksiz markası tələb olunan, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal edilmiş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək", - deyə məlumatda qeyd olunub.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, aksiz markalarının saxtalaşdırılması bəzi poliqrafiya şirkətləri tərəfindən həyata keçirilir. Ekspert Demokrat.az-a bildirib ki, aksiz markası ilə markalanan digər məhsullarda da belə hallar müşahidə olunur:

“Təəssüflər olsun ki, saxta aksiz markaları ilə mübarizə işi zəif aparılır. Hökumətin gördüyü işlər yetərli deyil. Ümumiyyətlə, tütün məmulatlarının satışında böyük problemlər yaşanır. Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, mağazaya girərkən alıcını ilk olaraq tütün məmulatları qarşılayır. Azərbaycandan az inkişaf etmiş Filippində supermarketlərdə tütün məmulatları ümumiyyətlə satılmır. Supermarketlərin yaxınlığında qapalı bir otaq var, istəyən şəxslər pəncərədən tütün məmulatını qanuni yolla ala bilərlər. Qiymətləri də bizdəkindən 3 dəfə bahadır”.
Ekspert Azərbaycanda bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının təəssüf ki, effektiv yerinə yetirilmədiyini qeyd edib:
“Bu, azmış kimi ölkənin əmtəə bazarına sulu qəlyan, siqareti tərgitmək üçün “glow” deyilən vasitə, elektron siqaretlər də daxil olub. Birliyimizin araşdırmaları göstərir ki, elektron siqaretlər ölkəyə qaçaqmalçılıq yolu ilə sertifikatı olmadan gətirilir. 2017-ci ildə aparılan beynəlxalq tədqiqata görə Azərbaycan büdcəsi qaçaq yolla gətirilən tütün məmulatlarından ildə 20 milyon dollar zərər çəkir. Buna görə də Dövlət Vergi Xidmətinin apardığı tədbirlər son dərəcə əhəmiyyətlidir. Buna ictimai nəzarət də olmalıdır. Şəhərin bir çox yerlərində aksiz markasız və ya saxta aksiz markalı tütün məmulatlarının satışını görürük, lakin ictimai fəallıq göstərmirik”
Törə Zeynallı Demokrat.az


