Nazirlər Kabinetinin 2023-cü ilə dair fəaliyyəti haqqında hesabatında universitetlərin bir bölgədən digərinə köçürülməsi məsələsinə aydınlıq gətirilib. Bildirilib ki, bunun üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır və bu işlər çox böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, universitetlərin yaradılması və fəaliyyətə başlaması bir günün, bir ilin işi deyil:
“Avropada universitetlərin yaranma tarixinə baxsaq, görərik ki, bu proses 100 illərlə vaxt aparıb. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bölgələrdə bir neçə ali təhsil müəssisəsi yaradılıb. Amma bu gün də həmin müəssisələr kadr, infrastruktur və digər məsələlərlə bağlı problemlərlə üz-üzədir. Paytaxtdakı sıxlığı aradan qaldırmaq üçün bəzi universitetləri bölgələrə köçürmək yanlış fikirdir. Tutaq ki, bundan sonra Bakıdakı sıxlıq azaldı, amma universitetin köçürüldüyü yerdə də müvafiq bina, yataqxana olmalıdır, müəllim kollektivi formalaşdırılmalıdır, tədqiqat mərkəzləri, laboratoriyalar qurulmalıdır. Bunları neçə ilə yaratmaq olar? Bu mənada "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ali məktəblərin bölgələrə köçürülməsi planı yoxdursa, sonrakı illərdə məsələnin müsbət həlli ilə bağlı fikir söyləmək çətindir”.
Deputat vurğulayıb ki, hazırda prioritet məsələ Qarabağ Universitetində təhsilə start verilməsidir. 
Törə Zeynallı Demokrat.az


