2023-ci il ərzində daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub. Daxili İşlər Nazirliyinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Emin Nəsirli jurnalistlərə açıqlamasında bildirib ki, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb - bunlar 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və nikaha məcbur etmə hallarıdır: “Bunlardan 19-u Cinayət Məcəlləsinin 152-ci, 1 fakt üzrə isə 176.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ailə Məcəlləsinin 10-cu maddəsində göstərilib ki, nikaha daxilolma yaşı 18 nəzərdə tutulub, istisna hallarda 17 yaşa endirmək mümkündür. 152-ci maddə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, 176.1-ci maddə isə qadının nikaha məcburi daxil edilməsidir. Bu cinayətlərin bir-birindən fərqi ondadır ki, 16 yaşına çatmayan şəxsin cins əlaqədə olması onun iradəsindən asılı olmayan səbəbdir, istər onun razılığı olsun, istər olmasın, bu, qarşı tərəf üçün cinayət tərkibi yaradır. Amma nikaha məcburi daxiletmə əksər hallarda valideyn tərəfindən edildiyi üçün nikaha daxil olmaq istəməyən şəxs özü müraciət edir ki, bununla bağlı istəyi yoxdur. Bu halda onu nikaha məcbur edən şəxslə bağlı tədbir görülür”.
Cinayət işi başladılmayan müraciətlərlə bağlı hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında qeyd edib ki, bəzi hallarda erkən nikahın qarşısı alınır:
“Ola bilər ki, hadisənin qarşısı alınıb, niyyət baş tutmayıb, ona görə də profilaktik tədbirlərlə kifayətlənilib. Cinayət işi o zaman açılır ki, artıq hansısa mərasimlər keçirilir və nikah baş tutur. Qanunda bu hal nikaha məcbur etmə kimi qeyd olunub. Bəzən elçilik olur, həri, nişan mərasimləri keçirilir, bunlar nikah kimi tanınmır, hüquq-mühafizə orqanları da haqlı olaraq müdaxilə etmirlər, çünki qanun bunu deyir. Amma toy baş tutursa, bu, nikaha məcbur etmə faktı kimi dəyərləndirilə bilər və artıq müvafiq addım atılmalıdır. Əgər 18 yaşından aşağı yaşda erkən nikaha məcbur edilən şəxs qarşı tərəflə faktiki ər-arvad münasibətində yaşamırsa, o zaman onun valideynləri məsuliyyətə cəlb olunur, oğlan məsuliyyətə cəlb olunmur. Yox, əgər artıq ər-arvad münasibəti varsa, o halda bütün tərəflər barədə cinayət işi açılır”.
Törə Zeynallı Demokrat.az


