Sosial Özəl

“Azad edilən ərazilərimizdə tikilən məktəblər müasir standartlara cavab verir” — AÇIQLAMA

“Azad edilən ərazilərimizdə tikilən məktəblər müasir standartlara cavab verir” — AÇIQLAMA

Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə Kəlbəcər şəhərində 960 şagirdlik məktəb binasında tikinti işləri sürətlə davam edir. Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəbdə fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Məktəbin həyətində tikilən idman meydançası sağlam nəslin yetişməsi üçün vacib amillərdən biri olacaq.

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, hazırda respublikadakı 4500-ə yaxın orta təhsil müəssisəsinin demək olar yarıdan çoxu yeni tikilib və ya əsaslı təmir olunub:

“Hal-hazırda nəinki paytaxtda, regionların bir çoxunda da müasir standartlara cavab verən məktəblər var. Bu məktəblərdəki geniş işıqlı sinif otaqları elektron lövhə və internetlə təmin olunub. Məktəblərin kitabxanası, laboratoriyası, kompüter otaqları standartlara cavab verir. Məktəblər bir-biri ilə qarşılıqlı fəaliyyət göstərir, həmçinin beynəlxalq əlaqələr qurur, onlayn konfranslar keçirilir. Məktəblərdə şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman zalları, meydançaları da mövcuddur. Məktəblərdə son illərdə həyata keçirilən “STEAM” layihəsi çərçivəsində dəqiq elmlər arasında əlaqə, şagirdlərdə mühəndislik ixtisasına marağın artırılması, eyni zamanda bunun sənətlə inteqrasiyası şagirdlərin hərtərəfli inkişafına zəmin yaradır”.

Ekspert qeyd edib ki, müasir məktəb şagirdlərin inkişafı və yüksək səviyyədə təhsil almaları üçün bütün qabaqcıl texnologiyalara malik olan məktəb deməkdir: “İşğaldan azad edilən ərazilərimizdə tikilən məktəblər də bu göstəricilərə cavab verir. Regionlarda maddi-texniki bazası yüksək səviyyədə olan, dünyanın qabaqcıl ölkələrinin məktəblərinin laboratoriyalarına bənzər laboratoriyası olan məktəblərimiz var. Düzdür, təmirə ehtiyacı olan məktəblər də var. Düşünürəm ki, bu problem də zamanla həllini tapacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova