Gündəm Özəl

“Danışıqlar masasında Azərbaycanın beş prinsip əsasında irəli sürdüyü bir sənəd var”

“Danışıqlar masasında Azərbaycanın beş prinsip əsasında irəli sürdüyü bir sənəd var”

Azərbaycan və Ermənistan XİN rəhbərləri Berlində görüşəcəklər. “TASS” xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi bildirib. Onun sözlərinə görə, Ceyhun Bayramovla Mirzoyan arasında görüş fevralın 28-29-da baş tutacaq.

Politoloq Turan Rzayevin sözlərinə görə, bir müddət öncə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münhendə baş tutan görüşdə təmasların davam etdirilməsi, sərhəddə görüşlərin keçirilməsi, habelə xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə razılıq əldə edildi. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, müəyyən gərginlikləri çıxmaq şərtilə sülh prosesi hazırda uğurla davam edir:

“Danışıqlar masasında Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında formalaşdırılan bir sənəd mövcuddur və bir müddətdir ki, qarşılıqlı şəkildə müzakirə edilir. Xarici işlər nazirlərinin görüşündə müzakirə edilməli olan birdən çox məsələ var. Amma hesab edirəm ki, indiki məqamda prioritet ilkin sülh müqaviləsi olduğu üçün onun imzalanmasının qarşısını kəsən məsələlər müzakirə ediləcək ki, bura Ermənistan konstitusiyasına edilməsi gözlənilən dəyişikliklər də aiddir. İlkin sülh müqaviləsi imzalandıqdan sonra diplomatik təmaslar qurulacaq ki, məhz bundan sonra həlli daha çətin görünən məsələlər – delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin gələcəyi, habelə anklav və eksklavlar məsələsi müzakirə edilə bilər”.

Ekspertin fikrincə, Berlin görüşündə sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişlər əldə edilə bilər:

“Ən azından Ermənistan xarici işlər nazirinin görüşə gəlməsi və Paşinyanın da Münhendə razılığını bildirməsi qarşı tərəfin də sülhə ehtiyacı olduğunu göstərir. Regionda gərginliyi artırmaq istəyən qüvvələr var başda Fransa olmaqla. Ermənistan tərəfi də başa düşür ki, sülh imzalanması vacibdir. İndi manipulyasiya cəhdləri olsa da yekunda bundan yayına bilməyəcəyini gözəl bilir. Azərbaycan aydın bildirib ki, sülh müqaviləsi imzalanmasa belə biz regionda fəaliyyətimizi davam etdirə bilərik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova