Gündəm Özəl

Ermənistan Qərbdə təhlükəsizlik çətiri axtarışındadır — Azərbaycana qarşı yeni təxribat kampaniyası

Ermənistan Qərbdə təhlükəsizlik çətiri axtarışındadır — Azərbaycana qarşı yeni təxribat kampaniyası

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır və xarici siyasətini şaxələndirməyə səy göstərir. Onun sözlərinə görə bu istiqamətdə fəaliyyət təkcə Qərbi deyil, Hindistanı və bir sıra digər ölkələri də əhatə edir: “Ermənistanın xarici siyasətində qeyri-müəyyənlik yoxdur. Ölkə təhlükəsizlik və xarici siyasətini şaxələndirir. Biz bunu açıq şəkildə siyasi mesajlar və atılan addımlarla göstəririk. 2020-2021-ci ilə qədər təhlükəsizlik sisteminin işləmədiyini, tamamilə səmərəsiz olduğunu görən Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Biz öz siyasətimizdə qətiyyətliyik, bu istiqamətdə bütün məqsədlərimizi reallaşdıracağıq”, - deyə Qriqoryan əlavə edib.

Ermənistan rəsmisinin açıqlamasına münasibət bildirən politoloq Amid Əliyev Demokrat.az-a qeyd edib ki, ümumiyyətlə, Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra təhlükəsizik baxımından narahatlığı artıb:

“Belə ki, erməni cəmiyyəti tərəfindən son 30 il ərzində Ermənistanın təhlükəsizliyinə cavabdeh olan Rusiyanın müharibə dövründə sərgilədiyi mövqe sərt şəkildə tənqid olundu. Məhz bundan sonra Ermənistanın siyasi hakimiyyəti və sadə erməni anladı ki, Rusiya artıq onun təhlükəsizliyinin təminatçısı deyil. Ona görə də digər alternativlər axtarıb tapmaq lazımdır. Eləcə də Ukrayna ilə müharibədə kollektiv Qərbin aktiv iştirakı Ermənistanı bu məsələni Qərbin müstəvisinə çıxarmağa vadar etdi. Nəticədə son bir il ərzində Ermənistan Qərblə, xüsusilə də Fransa ilə təhlükəsizliklə bağlı strateji danışıqlar aparır. Fransa isə öz növbəsində bölgədə itirilmiş nüfuzunu bu müstəvidə bölgəyə proyeksiya etmək istəyir”.

Amid Əliyev bildirib ki, artıq Fransa bu işə Hindistanı da cəlb edərək ilk silah tədarükünü həyata keçirib, əlavə olaraq özü də Ermənistana bir sıra silahların çatdırılmasını təmin edib:

“Bununla yanaşı, Fransa Ermənistan sərhədlərində nəzarəti həyata keçirmək məqsədilə Avropa İttifaqının mülki missiyasını da bölgəyə göndərməyə nail olub. Hətta missiyanın sayını artırmaqla yanaşı hərbiləşdirilməsi istiqamətində də müvafiq addımlar atılır.

Qeyd olunan faktlar onu deməyə əsas verir ki, Ermənistan dövləti Rusiyanın təhlükəsizlik çətiri altından çıxmağa çalışır, lakin ondan iqtisadi cəhətdən asılı olması buna hələ ki mane olur. Odur ki, Ermənistan Qərbdə təhlükəsizlik çətiri ilə yanaşı, həm də iqtisadi cəhətdən sığorta məsələsini də müzakirə edir. Bu istiqamətdə tam təminat aldıqdan sonra ehtimal etmək olar ki, proseslər bir qədər də sürətlənə bilər”.

Son olaraq siyasi şərhçi əlavə edib ki, bütün bunları pərdələmək üçün Ermənistan və onun havadarları mütəmadi olaraq məsələni Azərbaycanla əlqələndirməyə çalışırlar:

“Kütləvi olaraq Qərb mediası və bir sıra dairələr Azərbaycanın Zəngəzuru işğal edəcəyi haqqında tezislər irəli sürür. Bu, özlüyündə Azərbaycan və onun imicinə qarşı hazırlanmış bir təxribatdır. Beləliklə, Ermənistanın təhlükəsizlik təminatı məsələsi sırf özünün siyasi-iqtisadi maraqları ilə yanaşı Azərbaycana qarşı yeni kampaniya ilə müşayiət olunur. Buna da əsas rəvac verən tərəf Fransadır. Məqsəd Fransanın bölgəyə tam nüfuz etməsini təmin etmək, rəsmi Ermənistanın siyasi, iqtisadi və sosial sistemini nəzarət altına almaq və bununla da danışıqlarda tərəf kimi çıxış etməkdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova