Gündəm

Komitə sədri: “İlham Əliyev qalibdir, məğrurdur, sözükeçəndir”

Komitə sədri: “İlham Əliyev qalibdir, məğrurdur, sözükeçəndir”

Azərbaycan Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqi nəinki xalqımızın, dünyanın diqqət mərkəzindədir və söylənilən fikirlər dövlətimizin milli maraqlarını tam əks etdirməklə bərabər, həm də beynəlxalq aləm, xüsusilə Ermənistan və havadarları üçün ciddi mesajdır. Bu çıxış ölkə rəhbərinin öz xalqına, dövlətinə sonsuz məhəbbətinin, inam və etimadının ifadəsi kimi qiymətlidir.

Prezident kimi fəaliyyət göstərdiyi 20 ildə qazanılan bütün uğurları, tarixi qələbəmizi öz xalqının adı, əzəməti, mübarizliyi ilə bağlayan, “Biz doğurdan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik” söyləyən dövlət başçısı qənaətlərində haqlıdır, mükəmməldir və bu reallıqdır.

Çünki Prezident seçildiyi 2003 - cü ildən bu günə kimi cənab İlham Əliyev daim xalqı ilə bir yerdə olmuş, insanların ağrı - acıları, qayğıları ilə yaşamış, kədərinə, sevincinə şərik çıxmışdır. Məhz buna görə də xalqını bir yumruq kimi birləşdirməyi, uğurlara yol açmağı, döyüşlərdə qələbə çalmağı, düşmənin başını əzməyi, təcavüzkarların havadarlarını neytrallaşdırmağı, ədaləti, haqqı bərpa etməyi, Azərbaycanı tanıtmağı və xalqı ucaltmağı bacarmışdır.

Prezident öz xalqına arxalandığı kimi, xalq da rəhbərinə inanıb, onun fəaliyyətini, əməl və amallarını görüb, tutduğu yolu, mövqeyi düzgün qiymətləndirmişdir. Bu etimad və dəstək, inam və hörmət növbədənkənar prezident seçkilərində özünü aydın şəkildə bir daha göstərdi və cənab İlham Əliyevin çıxışında göstərilən etimada görə Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirməsi təsadüfü deyildir. Prezidentin çıxışında toxunulan məsələlər, qarşıya qoyulan bütün vəzifələr vacib və təxirəsalınmazdır. Bu vəzifələrin məhz xalqın qüruru, sevgisi, mübarizliyi, birliyi ilə əlaqələndirməsi isə daha qururvericidir. Bu çıxış xalqın ruhunun, iradəsinin ifadəsi olmaqla, həm də dünyaya kimliyimizin göstəricisidir. Xalqını, Azərbaycan ailəsini, gəncini sağlam, qətiyyətli görən və “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir” ifadələrini söyləyən rəhbərin sözlərində gələcəyimizə, uğurlarımıza sonsuz inam hissi vardır.

Millilik, xalq ruhu ilə aşılanmış nitq bütün parametrləri ilə xalqın istəyinə, gələcək inkişafa, ölkə vətəndaşlarının xoşbəxtliyinə, haqqa, ədalətə, bəşəri amallara, milli dəyərlərə hesablanmışdır. Bu nitqin ruh verəni, daşıyıcısı xalqdır və xalqı ilə fəxr etdiyinə, qürur duyduğuna görə də cənab İlham Əliyev qalibdir, məğrurdur, sözükeçəndir və sözsüz ki, həmişə belə olacaqdır. Xalq - Prezident birliyi daha uğurlu gələcəyə yollar açacaq, dostlarımızı sevindirəcək, düşmənlərimizi məyus edəcəkdir.

Komitə sədri: “İlham Əliyev qalibdir, məğrurdur, sözükeçəndir”

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

D
demokrat.az