“Zənn etmək olar ki, orduya tam nəzarət Paşinyanın əlində deyil. Heç kəsə sirr deyil ki, Ermənistan ordusunda Rusiyanın da təsiri var. Rusiyanın hərbi bazası Ermənistanda yerləşir, sərhədlərini rus hərbçiləri qoruyur. Ola bilsin ki, ordunun daxilindəki Rusiya yönümlülər bu təxribata əl atıblar”.
Bunu Demokrat.az-a açıqlamasında Ermənistanın son təxribatını şərh edən politoloq Əhəd Məmmədli deyib. O qeyd edib ki, Paşinyanın son dövrlərdə Qərbə doğru atdığı addımlar Rusiyanı qıcıqlandırır:
“Paşinyanın son çıxışlarından birində “biz artıq Rusiyanı əsas hərbi tərəfdaş kimi görməməliyik” deməsi onu düşünməyə əsas verə bilər ki, Ermənistan ordusunda provakasiyaya əl atılıb. Amma hər bir halda Azərbaycana Ermənistanın daxilində nə baş verdiyi maraqlı deyil, bütün təxribatlara layiqli cavab verilir. Təxribatlar davam edərsə, cavab da böyük miqyasda olmalıdır ki, istər Ermənistanın daxilindəki qüvvələr, istərsə də onun havadarları anlasınlar ki, Azərbaycanla zarafat etmək olmaz. 
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.
Törə Zeynallı Demokrat.az


