Kriminal Özəl

Gecəyarısı qadının telefonuna zəng gəldi, bunu eşidən əri isə...

Gecəyarısı qadının telefonuna zəng gəldi, bunu eşidən əri isə...

Masallı rayonunda 1979-cu il təvəllüdlü Sərxan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı Nuranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 iyul 2023-cü ildə, gecə saat 3 radələrində Masallı rayonunun Boradigah qəsəbəsində baş verib. Sərxan evinin dəmir giriş qapısının qarşısında arvadı Nuranənin istifadəsində olan mobil telefon nömrəsinə gecə vaxtı zəng gəlməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun baş nahiyəsinə 1 dəfə yumruq zərbəsi ilə qəsdən vurub.

Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nuranə onun arvadıdır: “Təxminən 1 ildir Nuranə ilə aramızda münaqişə olduğu üçün sonuncu uşaqları ilə birlikdə qonşuluqda yerləşən atasına məxsus evə köçərək orada yaşayıb. 26 iyul 2023-cü ildə, saat 03 radələrində övladlarıma xərclik üçün pul vermək məqsədilə arvadımın yaşadığı atası evinə getdim. Evin yerləşdiyi həyətin arxa dəmir qapısının qarşısına yenicə çatdıqda sonuncunun istifadəsində olan mobil telefona zəng gəldiyini eşitdim. Sonra dəmir qapını döyərək arvadımı səsləyib çağırdım. Bu zaman Nuranə həyətdə olub və qapını mənim döydüyümü bilərək açıb. Nuranə məndən dəmir qapının qarşısında dayanıb gecə vaxtı nə istədiyini soruşdum. Mən də Nuranədən gecə vaxtı kimin zəng etdiyini soruşdum. Nuranə isə ona mobil telefona zəng gəlmədiyini bildirdi. Bu cavabdan sonra Nuranənin əlində olan mobil telefonu istəyərək öz qulağım ilə mobil telefonun zəng çaldığını eşitdiyimi bildirdim. Nuranə isə müqavimət göstərməyə başladı, əlində olan mobil telefonu yaşadığı həyətə tulladı, telefonu verməyəcəyini bildirdi. Həmin vaxtı əsəblərimi sakitləşdirə bilmədim və dəmir qapının qarşısında bir dəfə yumruq zərbəsi ilə Nuranənin başının arxa nahiyəsinə qəsdən vurdum. Sonra Nuranənin qolundan tutub atası həyətindən 100 metr aralıda yerləşən öz yaşadığım evə apardım. Evin ikinci mərtəbəsində yerləşən ümumi zala çıxartdım. Zalda Nuranənin bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə zərbə vurdum. Həmin vaxtı Nuranə ilə dalaşdığımı yataq otağında olan anam eşidərək əmim arvadı ilə birlikdə zala çıxdılar. Onlar bizi ayırmağa çalışdılar. Həmin vaxt anamın halı qəflətən pisləşdiyi üçün anam ilə maraqlandım və ona dərman verdim. Bir neçə dəqiqə sonra Nuranə evdən çıxıb getdi”.

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova