Xəbər verdiyimiz kimi, millət vəkili Elnur Allahverdiyev hərbi xidmət müddətinin qısaldılmasını təklif edib. Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər Türkiyədə tətbiq edilir: “Hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər”. E.Allahverdiyev qeyd edib ki, gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub: “Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər”.
Məsələyə təhsil eksperti Kamran Əsədovun yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində şagirdlərə həftədə 2 saat olmaqla il boyu 68 saat “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur:
“Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və Qarabağ müharibəsi başa çatıb. Amma ali təhsilli şəxslərə də hərbi dərslər, hərbi bilik və bacarıqlar aşılanmalıdır. Hər kəs ilkin hərbi bilik və bacarıqlara sahib olmalıdır. Hərbi hazırlıq məsələsi vətənpərvərlik məfhumunu bizə dönə-dönə xatırlatmalıdır. Baxmayaraq ki, 44 günlük müharibədə qalib gəlmişik, lakin hərbi hazırlıq o deməkdir ki, hər an təhlükə ola bilər. Həmin vaxt isə biz hazır olmalıyıq. Bu, ilk növbədə müdafiə xarakteri daşımalıdır. Mən hesab edirəm ki, sovet dönəmində keçirilən professional hərbi hazırlıq dərsinə mövcud ideologiya əsasında yanaşılmalıdır”
Ekspertin fikrincə, bu məsələ Elm və Təhsil Nazirliyində geniş müzakirə edilməlidir:
“Hərbi kafedralar yenidən bərpa olunmalıdır. Hazırda ali məktəblərdə həmin kafedralar ləğv edilib və hərbi avadanlıqlar da mövcud deyil. Hərbi fənni hazırda məktəblərdə sırf dərs xatirinə keçirilir, lakin bu metod dəyişməlidir. Hərbi dərslər peşəkarca və vətənpərvərlik ruhunda keçirilməlidir. Həmçinin bakalavrdan sonra hərbi xidmətə gedən gənclər qayıdandan sonra adaptasiyada problem yaşayırlar. Düşünürəm ki, hərbi kafedralar açılarsa, onlar artıq hərbi bilik və bacarıqlara yiyələnəcəklər. Bundan sonra onlar daha çox elmə fayda verə bilərlər. Çünki təhsilin bir pilləsindən sonra fəsilə verib yenidən qayıtmaqda ciddi problemlər olur”.
Törə Zeynallı Demokrat.az


