"Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Xalid Quliyev ifadə verib.
O bildirib ki, təqsirləndirilən Dəyanət Quliyevin qardaşıdır, Müşfiq Atakişiyev isə dayısıdır.
Onun sözlərinə görə, baş verən qətl hadisəsindın xəbəri olmayıb:
"Bu hadisənin baş verməsini sonradan bilmişəm. Əvvəllər hadisə barədə Dəyanət mənə heç nə deməyib. Bu hadisə mənə Dəyanət həbs olunandan sonra xəbər tutmuşam. Dəyanəti həbs olunmasını bizə yoldaşı Elnarə dedi. Bundan sonra anam Bakıya, Dəyanətgilə gəldi. Mən isə gəlmədim. Dəyanət həbs olunandan sonra qızı mənə heç nə deməyib".
Daha sonra şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
Həmin ifadədən məlum olur ki, Dəyanət tez-tez onun yanında "ürəyimdə bir sir var, amma danışa bilmirəm" deyib:
"Amma həmin sirrin nədən ibarət olduğunu deməyib. Daha sonra Samirin həbs olunduğunu eşitdim".
Şahid ifadəsindı əlavə edib ki, Dəyanətin qızı Fəridə atası həbs olunmamışdan xeyli vaxt əvvəl Müşfiq Atakişiyevin sifarişi ilə qətl törətməsi barədə ona danışıb:
"Fəridə dedi ki, atası sərxoş vəziyyətdə Müşfiqin sifarişi ilə bir yaşlı adamın qətlini sifariş verdiyini, bu qətli onun tərəfindən icra olunduğunu deyib. Mən də ona dedim ki, sakit ol atamdır, görək nə olur. Səbirli ol, bu barədə heç yerdən heç kimə heç nə danışma".
Şahid bundan başqa ifadəsində göstərib ki, təqsirləndirilən Samir Quliyevlə çayxanada mübahisəsi olub:
"Həmin vaxt onu çayxanada qovdum. Bu zaman Samir dedi ki, nəslinizin ipi mənim əlimdədir, nə desəm etməlisiz. Amma onun nə deməsini başa düşmədim".
Şahid ifadəsini qismən təsdiqləyib.
Bildirib ki, Dəyanət həbs olunandan sonra Bakıya gəlməyin, Dəyanəti qızı ilə arasında söhbət olmayıb.
O, Samirin çayxanada nəsil söhbəti etdiyini başa düşmədiyini deyib.
Bildirib ki, sərxoş olduğu üçün belə danışdığını anlayıb.
Daha sonra ifadə verən şahid Rövşən Quliyev bildirib ki, təqsirləndirilən Samir Quliyevin qardaşıdır:
"2010-2023-cü illərdə xaricdə olmuşam. Samir həbs olunandan sonra bu hadisədən xəbərim olub. Samirlə birlikdə həbs olunamışdan əvvəl 2-3 dəfə prokurorluğa getmişik. Amma Samir mənə heç nə deməyib.
Samir çox narahat idi, deyirdi ki, ürəyində bir sir var, danışa bilmirəm. Sonuncu dəfə birlikdə prokurorluğa getdik. Samiri orada saxladılar, mən isə gəldim. Tutulandan sonra Samirin də bu qətl hadisəsinin içində olduğunu bilmişəm. Samir həbs olunandan sonra anam mənə dedi ki, Dəyanətin sifarişi ilə qətl törətməsini Samir ona Dəyanət həbs olunandan 10 gün sonra deyib".
Daha sonra şahidin istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
Məlum olub ki, Dəyanət Samirə bu qətli icra etmək üçün 30 min dollar vəd verib, lakin sonradan vədinə əməl etməyib:
"Dəyanət Samirə 200-300 manat verib. Sonradan Samir Müşfiq Atakişiyevlə görüşmək istəyib. Amma Dəyanət buna imkan verməyib, onun Müşfiqlə görüşməyin qarşısını alıb. Samir də elə başa düşüb ki, Dəyanət onun adından istifadə edərək Müşfiq Atakişiyevdən pul alıb, ona verməyib. Buna görə də görüşməsinə mane olub".
Zərərçəkmiş Tariyel Əhmədovun kürəkəni Babək Aslanov ifadəsi zamanı ilk vaxtlardan Müşviq Atakişiyevdən şübhələndiyi deyib:
"Mənə zəng edəndə bilmirdim ölüb. Dedilər ki,yıxılıb. Yasa gələndə Müşviqlə dalaşdım. Dedim Tariyelin ölümündə sənin əlin var. Sonra onu yasdan qovdum. Tariyel Əhmədov mənimlə hərşeyi danışırdı.
Deyirdi ki, yola getmirik. Bu işdə birinci məndən şübhələnirdilər. Neçə il mən dedim mən heçnə etməmişəm günahkar Müşviqdir. İstintaq yenidən başlayanda da mənim adımı yazmışdılar".
Növbəti proses fevralın 9-da davam edəcək. Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib.
Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.
Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.
Fariz Məlikli Demokrat.az


