“İran tərəfinin artıq bir ildir ki, səfirliyimizə hücum etmiş şəxslə bağlı ciddi tədbir görməməsi, cinayətkarı yalnız həbsxana şəraitində saxlaması bu dövlətin Azərbaycana qarşı hansı niyyətdə olduğunu açıq sübut edir. Cinayətkara ölüm hökmü verilməyəcək, çünki o, sifarişin kim və ya kimlər tərəfindən verildiyini bilir, bu faktın açıqlanması ölkədə rezonans doğura bilər. Həmin şəxsə bir neçə il cəza veriləcək ki, bu qərar da Azərbaycanı qane etmir. Çünki İran qanunlarına görə qəsdən adam öldürmənin cəzası edamdır”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O hesab edir ki, İranla münasibətlərin normallaşması onun atacağı addımlardan asılıdır:
“Münasibətlərin bərpasına gəldikdə isə düşünmürəm ki, bu, əvvəlki səviyyədə olsun. Düzdür, əvvəllər də iki ölkə arasında münasibətlər elə də ürəkaçan deyildi, müəyyən problemlər hər zaman yaşanıb. Bu gün bunun daha ağır formasını görürük, çünki diplomatik skandal davam edir. Azərbaycan dövlətinin indiki vəziyyətdə gözləntisi İranın baş vermiş hadisə ilə bağlı ədalətli qərar verməsidir. Əks halda gözdən pərdə asmaq üçün atılan addımların heç bir mahiyyəti yoxdur”.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani dünən keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi üçün səfirliyə hücum etmiş şəxsin məhkəmə prosesinin yekunlaşmasını gözləmək lazımdır. O deyib ki, iki ölkənin yol xəritəsinə uyğun olaraq son bir ildə müxtəlif sahələrdə nümayəndə heyətləri qarşılıqlı formada səfər ediblər. XİN rəsmisi Azərbaycan səfirliyinin fəaliyyətinin bərpa olunacağına ümidini ifadə edib.
Törə Zeynallı Demokrat.az


