Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında minalanmış ərazilərin yeni xəritəsinin Azərbaycana verilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN başçısı onu da əlavə edib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyasının növbəti görüşü barədə razılıq əldə olunub.
Azərbaycan tərəfi delimitasiya komissiyasının görüşündə mina xəritələrinin verilməsinə nail ola bilərmi?
Siyasi şərhçi Elşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, müharibənin 3 ildir bitməsinə baxmayaraq, hələ də azad olunmuş ərazilərdə minaların axtarışı davam edir:
“İndiyə qədər 49 min mina tapılaraq zərərsizləşdirilib. Bu müddət ərzində 342 nəfər mina qurbanı olub. Ermənilər işğal dövründə Qarabağda rekord həddə mina basdırıblar. Azərbaycan tərəfi dəfələrlə mina xəritələrini tələb edib. Ermənistanın bir dəfə verdiyi mina xəritəsinin 25 faizi həqiqətə uyğun idi, qalanı isə yanlış məlumatlardan ibarət idi. Azərbaycanın dəfələrlə bu məsələni beynəlxalq aləmdə qaldırmasından sonra nəhayət ki, beynəlxalq təşkilatların təzyiqi ilə üzləşən Ermənistan mina xəritələrini vermək barədə düşünür, amma yenə də prosesi uzadır”.
Politoloq qeyd edib ki, delimitasiya komissiyasının görüşlərində mina xəritələrinin verilməsi məsələsi müzakirə edilir:
“Xəritələr əldə olunarsa, ərazilərimiz tez bir zamanda minalardan təmizlənər, mülki vətəndaşlar, mina axtaranlar və azad olunmuş ərazilərdə vəzifəsini icra edən şəxslər mina qurbanına çevrilməz, bərpa-quruculuq işləri də sürətlənər. Baş nazirin birinci müavini Şahin Mustafayevin rəhbərliyi ilə delimitasiya komissiyasının 2023-cü il noyabr görüşündə mina xəritələrinin verilməsi məsələsi müzakirə olunub və qismən razılıq əldə edilib. Düşünürəm ki, yanvar ayının sonunda keçirilməsi gözlənilən növbəti görüşdə də bu məsələ qaldırılacaq və Ermənistan tərəfi mina xəritələrini Azərbaycana təqdim edəcək. Yenə də xəritənin tam doğruluğuna şübhə edirəm. Hər halda mina xəritələrini verilməsi sülhə doğru atılan addım hesab oluna bilər. Bu, Ermənistanın özünə də beynəlxalq aləmdə imicini bərpa etmək üçün vacibdir. Mirzoyanın açıqlaması beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə hesablanıb. Ermənistan sülh tərəfdarı olduğunu göstərmək istəyir, pərdə arxasında isə buna mane olan addımlar atmağa davam edir”.
Törə Zeynallı Demokrat.az


