Gündəm Özəl

Deputat: "20 Yanvar Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir"

Deputat: 20 Yanvar Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir

Xalqı formalaşdıran, onu mənəvi cəhətdən güclü və özünə inamlı edən yaşadığı tarixdir. Faciələrdən keçmiş xalqın qan yaddaşı onu ayaqda saxlayır, büdrəsə də yıxılmağa qoymur. Keçmiş gələcək üçün yaddaş kitabçasına çevrilir. Azərbaycan xalqının və dövlətinin tarixindəki faciəli günlər onu parlaq və azad gələcəyə aparan yol olub. 30 ildən sonra bu gün hər qarış torpağımızda bayrağımız qürurla dalğalanırsa, fəxrlə “Qarabağ Azərbaycandır!” deyiriksə, bunu müstəqilliyimiz uğrunda canlarını fəda etmiş, torpaqlarımızın azadlığı yolunda son damla qanına qədər vuruşmuş oğul və qızlarımıza borcluyuq. Mübarizə hər nə qədər itkilərlə müşahidə olunsa da, xalqın cəsarəti, əzmi və fədakarlığı əslində qələbədən xəbər verib. 20 Yanvar faciəsi də Azərbaycan xalqının mənəvi qələbə qazandığı tarixlərdən biridir. Soyuq qış gecəsi əliyalın, silahsız xalq Sovet qoşunları qarşısında geri çəkilmədi, gələcək nəslin müstəqil dövlətdə yetişməsini, azad yaşamasını boyunduruq altında həyatda qalmaqdan üstün tutdu. 1980-cı ilin sonları 90-cı illərdə baş verən hadisələr yanvar faciəsini qaçılmaz edirdi. Xalq müstəqillik uğrunda ayağa qalxmış, torpaqlarının müdafiəsi üçün könüllü dəstələr halında birləşmişdi. Ermənilərin məkrli siyasəti, Sovet dövlətinin ədalətsiz mövqeyi qarşısında köməksiz qalan, lakin yıxılmayan Azərbaycan üçün yeni tarixi dövr başlayırdı.

Deputat: 20 Yanvar Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir

Milli Məclisin deputatı Anar İsgəndərov Demokrat.az-a açıqlamasında 20 Yanvar faciəsini yaradan amillərdən danışıb:

“20 Yanvar Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Bu faciə nə üçün baş verdi? Sovet dövləti çöküşünü yaşayan ərəfədə ermənilər bu vəziyyətdən istifadə edərək növbəti dəfə Qarabağın dağlıq hissəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşməsini tələb edirdilər. Qorbaçov hakimiyyətə gələndən sonra həm xaricdəki erməni diasporu, həm də Ermənistan hökuməti və millətçi ermənilər başa düşdülər ki, Sovet rəhbərliyi onları müdafiə edəcək. Onlar Dağlıq Qarabağ məsələsini qaldırarkən Sovet rəhbərliyi ədalətsiz mövqe ortaya qoydu. Millətlərin öz müqəddəratını həll etmək məsələsini birinci, bu vaxta qədər mövcud olan dövlətçilik məsələsini isə ikinci plana keçirdi. Təbii ki, Azərbaycan xalqı da, milli demokratik ziyalılarımız da erməni tərəfinin və Sovet rəhbərliyinin bu mövqeyinə etirazlarını bildirdilər. Küçə yürüşləri başladı, Azadlıq meydanında bir milyon insan ayağa qalxdı. Onu da qeyd etmək lazımdır ki, ermənilər Qarabağ məsələsini ortaya atarkən hakimiyyətlə xalq birləşə bildi, amma Azərbaycan hakimiyyəti sağlam mövqe ortaya qoya bilmədi, xalqla həmrəylik nümayiş etdirmədi. Hakimiyyət rəhbər axtarışına çıxdı. Təəssüflər olsun ki, Meydan hərəkatı və ondan sonrakı dövrdə də bu rəhbəri tapmaq mümkün olmadı. Ermənilər də bundan məharətlə istifadə etdilər, amma Azərbaycan xalqının qəzəbinin qarşısını almaq da mümkün deyildi. Xarici mediada da yazıldığı kimi xalq artıq mütəşəkkil qüvvəyə çevrilmişdi. Sovet rəhbərliyi isə Azərbaycan xalqını cəzalandırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya ordu yeritdi və qətliama başladı.

70 il ərzində Sovet ideologiyasının şüuraltında yaratdığı fikir nədən ibarət idi? – Sovet ordusu bizim ordumuzdur, o, bizi qoruyur, Sovet dövləti böyük bir ailədir, nəhəng SSSRİ mənim vətənimdir – hər bir azərbaycanlı bu düşüncədə idi. Amma yanvarın 20-də həyata keçirilən qırğın bütün xalqın düşüncəsini darmadağın etdi”.

Tarixçi deputat 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətinə də toxunub:

Deputat: 20 Yanvar Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir
“Böyük itkilər verdik, eyni zamanda ibrət aldıq. Xalq dərk etdi ki, bu günə qədər uğrunda döyüşdüyü imperiya deyil onun vətəni, onun vətəni Azərbaycan özüdür. Erməni xalqı da heç vaxt bizə dost olmayıb, onun məqsədi dənizdən dənizə “böyük Ermənistan” yaratmaq olub. 20 yanvardan sonra Sovet Kommunist Partiyasına, Sovet rəhbərliyinə qarşı münasibət birmənalı olaraq dəyişdi. O vaxt Azərbaycanı idarə edənlərin də xalqa laqeyd münasibəti bu faciəyə zəmin hazırladı. Elə bunun nəticəsində daha sonra Ermənistan Azərbaycanın böyük bir hissəsini işğal etdi. Məhz 20 Yanvardan sonra xalq dərk etdi ki, müstəqillik uğrunda mübarizəsini davam etdirməlidir. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimiz yenidən bərpa olundu.

Faciənin üzərindən 30 ildən çox vaxt keçib, həmin tarixə nəzər salanda həm Sovet dövlətinin işğalçılıq siyasətini, həm də 1920-ci ilin aprelində müstəqil Azərbaycanın varlığına son qoyan Sovet ordusunun təcavüzkar siyasətinin bir daha şahidi oluruq. Yüzlərlə vətəndaşımız qətlə yetirildi, həbs olundu, vətənindən didərgin düşməyə məcbur qaldı. Bu, “xalqlar dostluğu” ideologiyasını təbliğ edən sovetlərin əsl siması idi. 1993-cü ilə qədər Azərbaycan xalqının yaşadığı keşməkeşli günlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sona çatdı. Azərbaycan dövləti Ermənistana və onun havadarlarına qarşı sərt mövqeyini ortaya qoydu. 2020-ci ilin sentyabrında ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin baş komandanlığı və müzəffər ordumuzun şücaəti ilə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri darmadağın edildi. 1923-cü ildə Sovet Rusiyasının təkidi ilə torpaqlarımızda yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti 2023-cü ildə arxivə qovuşdu. Azərbaycan öz ərazisində suverenliyini bərpa etdi və üçrəngli bayrağını dalğalandırdı”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda yayımlanır.

NE
Nihadə Eyyubova