Gündəm Özəl

"Bir il ərzində almadığımız mallara görə 500 milyon manat pul ödəyirik" — Necə baş verir?

Bir il ərzində almadığımız mallara görə 500 milyon manat pul ödəyirik — Necə baş verir?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov istehlakçı hüquqlarının pozulması halları barədə jurnalistlər məlumat verib. O, ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, istehlakçılar tərəfindən daxil olan şikayətlərin əksəriyyəti rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır: “Sübutlar olduğu təqdirdə biz bunu protokollaşdıraraq müvafiq addımlar atırıq. Ötən il ərzində protokollaşdırılan 83 haldan 40-ı məhz istehlakçıların aldadılması ilə bağlıdır. Buna görə də istehlakçılara tövsiyə edirik ki, rəf və kassada qiymət fərqi olarsa, əllərindəki sübutla dövlət xidmətinə müraciət etsinlər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, bununla bağlı Birliyə hər gün şikayətlər daxil olur:

“Bu, geniş yayılmış problemdir. Bir il ərzində Azərbaycanda istehlakçılar almadıqları mallara görə 500 milyon manat pul ödəyirlər. Bu, əksər hallarda kartla ödənişlərdə baş verir. Ya ümumiyyətlə mal göstərilmir, ya da bir məhsulun qiymətini ondan baha digər məhsulun qiymətinə hesablayırlar və s. bu kimi qanunsuzluqlara yol verilir. Rəf qiyməti ilə kassa qiymətlərində ciddi fərqlər ortaya çıxır”. Ekspert onu da əlavə edib ki, mürəkkəb texniki vasitələr satan şirkətlərdən də şikayətlər daxil olur:

“İstehlakçının tələbatına uyğun olmayan malları tərifləyib ona satırlar, daha sonra malı geri qaytarmaq da mümkün olmur. Bu məsələdə “Kontakt Home” birinci yerdə gəlir, ikinci yerdə “Baku Electronics”, ardınca “İrşad” dayanır. Siyahını davam etdirmək də olar. 4 ilə yaxın idi ki, “Music Gallery” mağazalarından şikayətlər olmurdu, lakin indi onlar da bu marafona qoşulublar. “Optimal”ın da adını bu siyahıya əlavə edə bilərik. Dəfələrlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən xahiş etmişəm ki, elektron mallar satan şirkətlərin səlahiyyətli nümayəndləri ilə görüş keçirilsin və mən də orada iştirak edim. Təəssüf ki, bu sahədə ciddi problemlər yaşanır. İstehlakçı hüquqlarının pozulması beləcə davam edir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova