Xarici siyasət Özəl

"Uzatdığımız sülh əli “dəmir yumruğ”a çevrilib Ermənistanın başına enə bilər" — AÇIQLAMA

Uzatdığımız sülh əli “dəmir yumruğ”a çevrilib Ermənistanın başına enə bilər — AÇIQLAMA

“Təəssüf ki, Ermənistan məğlub tərəf olmasına baxmayaraq üzərinə düşən öhdəlikləri bu günə qədər yerinə yetirməyib. Naxçıvanla Azərbaycanın digər əraziləri arasında maneəsiz əlaqənin yaradılması barədə öhdəliyə Ermənistan 40 ay bundan əvvəl imza çəkib, amma hələ də Azərbaycanın Zəngəzur yolu ilə hərəkəti təmin olunmayıb. Eləcə də 8 kəndimiz hələ də işğal altındadır. Buna görə də artıq erməni ictimaiyyəti inanır ki, məğlub və 20 minədək fərarisi olan Ermənistan ordusu ölkənin siyasi rəhbərliyinin ambisiyalarını təmin etmək gücündə deyil”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Anklav kəndlərin qaytarılması məsələsinə toxunan ekspertin sözlərinə görə, Azərbaycan bu gün Ermənistana qarşı hansısa hərbi əməliyyatlar keçirmək niyyətində deyil, rəsmi Bakı prosesləri danışıqlar yolu ilə silah və hərbi gücdən istifadə etmədən aparmaq istəyir:

“Erməni deputatlar, siyasətçilər də Azərbaycanın səbrininin tükənəcəyini ehtimal edirlər və hesab edirəm ki, gəldikləri qənaət doğrudur. Ermənistan üzərinə götürdüyü öhdəlikləri məğlub tərəf konfiqurasiyasında tam həcmdə yerinə yetirməsə və prosesi yenə də uzatmağa davam edərsə, təbii ki, Azərbaycan buna adekvat reaksiya verəcək. Bunun da Ermənistan üçün nə ilə nəticələnəcəyi indidən məlumdur. Uzatdığımız sülh əli dəmir yumruğa çevrilib Ermənistanın başına enə bilər. Nəzərə alsaq ki, Ermənistan işğal altındakı kəndlərimizi azad etmək əvəzinə şərti sərhədə 1500 nəfərlik Avropa İttifaqı missiyası yerləşdirir, bu, qətiyyən qəbul ediləcək addım deyil”.

Qeyd edək ki, Ermənistan Milli Məclisinin müxalif “Hayastan” blokunun deputatı Qarnik Danielyan anklav kəndlərə yaxın yaşayış məntəqələrinin boşaldılması ilə bağlı açıqlama verib.

O deyib ki, Azərbaycan həmin kəndləri geri qaytarmaq üçün əməliyyatlara başlaya bilər. Məhz buna görə də anklav kəndlərə yaxın olan ərazilərdə yaşayan ermənilər bölgəni tərk edirlər.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az