Gündəm Özəl

“Qarlı havalarda bölgə yollarının təhlükəsizliyinə diqqəti artırmaq lazımdır” — Görülən işlər yetərlidirmi?

“Qarlı havalarda bölgə yollarının təhlükəsizliyinə diqqəti artırmaq lazımdır” — Görülən işlər yetərlidirmi?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı havanın yollarda yaratdığı çətinliklərlə bağlı məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti sabitləşsə də, ötən gündən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır. Məlumatda o da qeyd olunur ki, hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə respublika əhəmiyyətli avtomobil yollarında və digər yaşayış məntəqələrində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, hərəkət iştirakçıları ilə profilaktik söhbətlər aparılır, yolun vəziyyəti barədə onlara məlumat verilir, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir:

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir".

Qarlı, buzlu havalarda nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaşanır. Bu özünü xüsusən də paytaxtın mərkəzindən uzaqlaşdıqca və bölgələrə üz tutduqca göstərir. Yollarda yaranan problemlərin həll edilməsi üçün müəyyən tədbirlər görülsə də sosial şəbəkələrdə yazılan şikayətlərdən aydın olur ki, işlərin genişləndirilməsinə və məsuliyyətin artırılmasına ehtiyac var.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, əlverişsiz hava şəraitində aidiyyəti qurumlar işlərini Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən qurmalıdır:

“Qarlı havalarda bölgə yollarının təhlükəsizliyinə diqqəti artırmaq lazımdır” — Görülən işlər yetərlidirmi?

“Əlverişsiz hava şəraitində şəxsi nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməmək tövsiyə olunur. Çünki bəzi sürücülərin belə havalarda nəqliyyat vasitəsini idarə etməyə kifayət qədər səriştəsi yoxdur, bundan başqa nəqliyyat vasitələri texniki parametrlərə cavab vermir. Ya təkəri nasazdır, ya soyutma sistemi qaydasında deyil – saxlayan kimi avtomobil donur və s. Yolların qarlı, buzlu olması, qış mövsümündə turistlərin rayonlara üz tutması səbəbindən bölgələrdə yolların təhlükəsizliyinə xüsusi diqqət etmək lazımdır. Düzdür, əsas yollar təmizlənir, duz səpilir, amma sosial şəbəkələrdə yenə də bəzi yerlərdə problemlərin olduğunu görürük. Deməli qarlı havalara daha yaxşı hazırlaşmalıyıq. Görüntü xatirinə, mediada işıqlandırılması üçün edilməməlidir bu işlər, başlıca məqsəd insanların təhlükəsizliyi olmalıdır. Deyə bilmirik ki, tədbirlər görülmür, qarlı havalarda yolları təmizləyən işçilərin əməyini dana bilmərik. Amma işlərin daha da mükəmməl görülməsinə ehtiyac var”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova