“Qoyunlarımı otararkən çəkdiyim video sosial platformalarda yayılanda, təbii ki, mənə media ilə bərabər bir çox insanlar da dəstək oldular. Amma ən böyük dəstəyi mənə Nazirlər Kabinetində çalışan, dəyərli insan Qurban Sadıqov göstərdi. Mənim təhsil almağımda Qurban müəllimin çox böyük rolu oldu. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, xalq artisti Siyavuş Kərimi də istedadıma diqqət göstərərək, məni konservatoriyaya dəvət etdi və təhsil almağımda dəstək göstərdi”
Bunu Moderator.az-a açıqlamasında vaxtilə çoban kimi fəaliyyət göstərən, indi isə müğənnilik fəaliyyəti ilə məşğul olan Pərvin Səfərov deyib. O daha sonra əlavə edib. “Şou-biznesdə olan sənətçilərdən isə iki dəyərli insan mənə böyük dəstək oldu. İlk dəstəyi mənə Roza Zərgərli göstərdi, onunla uğurlu bir duetmiz oldu, bir çox efirlərdə yer aldıq. Sonra Moskvada olarkən, məclislərin birində Fədayə xanımla görüşdük və çox səmimi dostluq münasibətimiz yarandı. Fədayə Laçınla da uğurlu bir duet oxuduq. Bu da mənim üçün həm uğur, həm də böyük dəstək oldu. Hal-hazırda Fədayə xanım yenə də mənə dəstək olur, Azərbaycanda olanda birlikdə efirlərə çıxırıq” deyə müğənni bildirib. Pərvin Səfərov bəzi həmkarlarının paxıllığından da gileylənib. “Təəssüflər olsun ki, gözü götürməyən, paxıllıq edərək yoluma bənd atmağa çalışanlar da olur. Sanki bir anda çobanlıqdan fenomen olaraq böyük səhnələrə çıxmağımı, ard-arda uğurlar qazanmağımı bəziləri həzm edə bilmirlər. Ola bilsin ki, bəlkə də çoxlarının nail olmaq istədiyinə mən qısa bir zamanda nail oldum. Həm də çoban olaraq. Bəzən düşünürəm ki, çoban olaraq bu sənətə gəlməyim mənim üçün bəlkə əngəl yaradır? Əsla keçmişimdən, çoban olmağımdan utanmıram. Sadəcə hiss edirəm ki, bəziləri mənə yuxarıdan aşağı baxar kimi davranırlar. Bu da qısqanclıqdan ola bilər! Yaşadıqlarım əlbəttə ki, mənim üçün həmişə əlçatmaz xəyal idi. Qoyun otararkən, yol tikintisində çalışarkən bu olanların xəyalını qururdum. Ağlıma belə gəlməzdi ki, bir video məni qurduğum xəyallara qovuşduracaq. Amma həmişə ümidli idim. Hətta məşhur "O səs Türkiyə" layihəsinə xüsusi dəvət almağım, ordakı həyəcanlı və uğurlu çıxışım həmişə xəyallarım olmuşdu. "O səs Türkiyə" proqramındakı çıxışım zamanı Gökhan və Murat Boz məni heyrətlə, ayaq üstə alqışladılar, bu da mənim üçün qürurverici bir an idi. Murat Bozla hazırda əlaqəm yoxdur. Amma yarışa hazırlıq zamanı, məşqlərdə görüşüb söhbətləşirdik. Ondan sonra dəvət gəlmədi. Yenə qatılmaq və daha peşəkar performans göstərmək istərdim. Bu uğurlu yolda mənə dəstək olan hər kəsə minnətdaram! Nə yaxşı ki, gözəl ürəkli insanlarımız var” deyə müğənni bildirib. 




