Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin vahid formaya keçməsi barədə tələbi ilə bağlı məlumatlar yayılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yayılan məlumatları təkzib edib: “Bildiririk ki, müəllimlərin etik davranış prinsipləri və tələbləri, geyim qaydaları, cəmiyyətdə özünü ifadə formaları, loyallıq, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətləri və s. kimi tələb və gözləntilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları” ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilən qərar və tapşırıqlar qanunvericilikdə öz əsasını tapan normativlərə uyğun verilir”.
Nazirlik vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıb: “Eyni zamanda media nümayəndələrinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bağlı məlumat paylaşarkən media üzrə məsul əməkdaşımız vasitəsilə məlumatı dəqiqləşdirməyi tövsiyə edirik", - məlumatda bildirilir.
Müəllimlərin vahid formaya keçməsi vaxtaşırı müzakirə olunur. Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, dövlət ümumtəhsil məktəblərindən başqa digər təhsil müəssisələrində təhsil alanların geyim qaydaları müəssisənin daxili niazamnaməsinə uyğun müəyyən olunur:
"Dövlət ümumtəhsil məktəblərində şagirdlərin geyim forması Nazirlər Kabinetinin 17 mart 2022-ci il 96 nömrəli qərarı ilə müəyyən edilib. Qanunvericilikdə müəllimlərin vahid geyimdə olması ilə bağlı hər hansı müddəa yoxdur. Buna görə də təhsili idarəetmə orqanları bununla bağlı hər hansı qərar verə bilməz. Lakin bütün məktəblərdə müəllimlər eyni tərzdə geyimdə məktəbə gəlirlər. Pedaqoji Şuranın qərarı ilə vahid geyim forması geyinilən məktəblərdə də bu görüntü gözəl görünür".
Ekspertin fikrincə, müəllim hər şeydə olduğu kimi geyim tərzində də nümunə olmalıdır:
"Bu, müəllimlərin etik davranış qaydaları prinsipinə də uyğundur., Təhsilverənlərin korporativ geyim formaları ilə bağlı Təhsil Nazirliyinin 2008-cı ildə verilmiş təlimatı var. Təlimatda göstərilir ki, müəllim hansı geyimdə işə gedə bilər, hansı geyimdə yox. Geyim hər bir sahədə olduğu kimi müəllimin də işə məsuliyyətli yanaşmasını əks etdirir. Düşünürəm ki, müəllimlər üçün vahid geyim forması tətbiq olunsa iş prosesinə müsbət təsir edər".
Törə Zeynallı Demokrat.az


