Şəmkir rayonunda 1988-ci il təvəllüdlü Muxtar ailə münaqişəsi zəminində arvadı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 24-də Şəmkir rayonunun Kraz yolu massivində baş verib. Muxtar orada yerləşən fərdi yaşayış evində arvadı Baharın mobil telefon vasitəsi ilə danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı bədəninin müxtəlif nahiyələrinə əlləri ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Bahar onun arvadıdır: “Oktyabrın 23-də, saat 20 radələrində işdən çıxaraq yaşadığım evə gəldim. Evdə Bahar telefonla danışdığına görə qısqanclıq zəmnində mübahisələrimiz yarandı və ona öz iradımı bildirdim. Oktyabrın 24-də, səhər saat 6 radələrində yenidən Bahar ilə ailədaxili mübahisələrimiz yarandı. Bahar məni nalayiq ifadələr ilə təhqir etdi. Bu səbəbdən əsəbiləşdim və əllərim ilə onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döydüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin günü nahar vaxtı evə gələn zaman Baharın evdən getdiyini görüb. O, əməlindən peşman olduğunu, hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışaraq razılıq əldə etdiyini deyib.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Muxtarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


