Qusar rayonunda 1993-cü il təvəllüdlü Daşqın ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 24-də Qusar rayonunun Hil kəndində baş verib. Daşqın yaşadığı evin həyətində arvadı Səbinəyə əl zərbələri ilə vurmaqla ona xəsarətlər yetirib.
Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, son vaxtlar arvadı Səbinə onun evə hər dəfə işdən gecə gələndə başqa qadının yanında olduğunu söyləyib və onunla qısqanclıq zəminində mübahisə edib: “İyulun 24-də, saat 23.30-da işdən evə gələndə Səbinə qarşıma çıxdı. Harda olduğumu soruşdu, hansısa pozğun qadının yanından gəldiyimi dedi. Səbinəyə işdən yorğun gəldiyimi, heç bir küçə qadınının yanında olmadığımı izah etməyə çalışdım. Lakin Səbinə sözlərimə qulaq asmayaraq dediyini təkrar etdi, qışqırdı. Aramızda söz mübahisəsı yarandı. Mübahisə zamanı əsəbiləşərək əl-içi zərbəsi ilə Səbinənin üzündən vurdum. Onun dodağından qan gəldi. Bundan sonra Səbinə bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat verdi”.
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, iyulun 24-də, saat 23.30-da əri Daşqın işdən gələndə onun qarşısına çıxıb: “Daşqından bu vaxta kimi harada olduğunu soruşdum. Daşqın isə mənə hicabsız həyətə çıxmağım barədə iradını bildirdi. Daşqına evə gec gəlmə səbəbini yenidən soruşdum. Mənə yenə kobud cavab verdi. Aramızda mübahisə baş verdi. Daşqın əl zərbəsi ilə üzümdən vurdu. Zərbədən dodağım partladı. Bundan sonra Daxili İşlər Nazirliyinin ”102” xidmətinə zəng edərək ərim tərəfindən döyülməm barədə məlumat verdim”.
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edib.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Daşqının barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


