Qax rayonunda 1987-ci il təvəllüdlü Eldar həyat yoldaşı Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 11-də rayonun Zəyəm kəndində baş verib. Eldar yaşadıqları evin həyətində yerləşən özlərinə məxsus gözəllik salonunun qarşısında qızı Vüsaləni mağazaya siqaret almağa göndərmək istəməsi səbəbindən arvadı Lətifə ilə aralarında mübahisə yaranıb.
Ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Eldar Lətifənin saçından tutaraq yolub, başına bir neçə dəfə yumruqla vurub. Sonra əli ilə arvadının boğazından və qolundan tutaraq sifətinə bir dəfə şillə vurub.
Hadisəni törədən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Lətifə ilə 12 ildir evlidir və üç övladı var: “Son 3-4 ildir Lətifə ilə aramızda söz-söhbətlər yaranıb. Hadisə günü, saat 13 radələrində həyat yoldaşım Lətifənin evimizin həyətində tikdiyimiz yol kənarında işlətdiyi gözəllik salonuna gəldim. Həmin vaxtı orada qızlarım da olub. Cibimdən pul çıxarıb böyük qızım Vüsaləyə mənə mağazadan siqaret alaraq gətirməsini dedim. Bu zaman Lətifə araya girdi, qızımı siqaret almağa göndərməyimin səbəbini soruşdu. Lətifəyə Vüsalənin mənim də qızım olduğunu, siqaret alaraq gətirməsindən bir problem olmadığını dedim. Lakin Lətifə yenə etiraz etdiyi üçün aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha gözəllik salonun qarşısında dayanıb və həyat yoldaşı Lətifə ilə mübahisə edib: “Bu zaman Lətifə mənə yaxınlaşaraq getməyimi dedi, sinəmdən itələdi. Lətifənin qışqır-bağır saldığını gördüm və yaxınlaşaraq əlim ilə qolundan tutdum, saçını yoldum. Onun boğazından tutaraq sıxaraq boğdum, başına da bir-iki dəfə yumruq vurdum, kənara itələdim. Daha sonra isə oradan evə getdim”.
Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Eldarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


