Gündəm Özəl

Deputat: “Fransaya verilən qətiyyətli cavablar Azərbaycan diplomatiyasının gücünün göstəricisidir”

Deputat: “Fransaya verilən qətiyyətli cavablar Azərbaycan diplomatiyasının gücünün göstəricisidir”

“Fransanın ermənipərəst siyasəti Cənubi Qafqazdakı sabitliyə heç bir təsir göstərə bilməz. Ermənistan iqtisadiyyatı çökmüş, zəif bir dövlətdir, imkanları məhduddur. O, bir dövlət olaraq öz problemlərini həll etmək iqtidarında deyil, nəinki Fransanın bölgəyə nüfuz etməsinə vasitəçi olmaq. Fransa bu günə qədər Afrikada, Amerika qitəsində, Yaxın Şərqdə imperialist siyasət yürüdüb, Cənubi Qafqaz regionuna müdaxilə etməyə çalışıb, bunun üçün də Ermənistandan alət olaraq istifadə edir. Lakin bu siyasətin özünü doğrultması mümkün deyil, çünki Azərbaycan regionun açar dövlətidir. Cənubi Qafqazda istənilən layihə, istənilən niyyyət Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, Fransa özünü dünyanın güclü dövlətlərindən biri göstərməklə eqoist mövqe ortaya qoyur, Azərbaycana haqsız hücumlar edir:

“Azərbaycan güclü dövlət kimi onun çirkin niyyətlərini ifşa edən addımlar atmaqdadır. Bu da Makronu və onun komandasını qıcıqlandırır. Azərbaycan xüsusi xidmət orqanları Fransanın casus şəbəkəsini ifşa etdi. Bu casus şəbəkəsinin bir qolu da Ukraynaya, Moldovaya uzanır. Azərbaycan Xarici İşlər Nazirliyinin ölkədəki Fransa səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan etməsi tamamilə faktlara söykənir. Azərbaycan tərəfi bu addımı atmamışdan əvvəl Fransa tərəfini məsələni araşdırmağa, tədbir görməyə çağırsa da o buna etinasız yanaşdı. Fransa o dərəcədə qeyri-ciddi dövlətdir ki, heç bir arqument gətirmədən Azərbaycanın iki diplomatına qarşı anoloji addımı atdı, onları ölkədən çıxarmaq haqqında qərar verdi. Fransa dünya miqyasında nüfuzunu itirə-itirə gedir. Fransaya verilən qətiyyətli cavablar Azərbaycanın uğurlu siyasətinin və diplomatiyasının gücünün göstəricisidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova