Kriminal Özəl

Xırdalanda 5 uşaq anası döyüldü — TƏFƏRRÜAT

Xırdalanda 5 uşaq anası döyüldü — TƏFƏRRÜAT

Abşeron rayonunda 1988-ci il təvəllüdlü Toğrul ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 23-də baş verib. Toğrul həmin gün, saat 22 radələrində ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı evdə arvadı Könül ilə azyaşlı övladlarının səs salması ilə bağlı yaranmış narahatçılıq səbəbindən mübahisə edib. Həmin mübahisə əsnasında Könülün üzərinə hücum edib və əllə onun sifət, baş, təpiklə isə bədənin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurub.

Hadisəni törədən Toğrulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Könül ilə rəsmi qaydada ailə qurub, birgə nikahdan beş övladları var: “Biz Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində kirayədə birlikdə yaşayırıq. Bəzən maddi çətinliklərlə bağlı arvadım Könüllə aramızda sözlə mübahisələrimiz yaranıb. Avqustun 23-də, saat 22 radələrində yatmaq istəyərkən, uşaqlar səs-küy saldıqlarına görə əsəbləşdim. Könülə sözlə iradımı bildirdim. Bu zaman aramızda mübahisə baş verdi. Könül mənə cavab qaytardığına görə əsəbləşdim və onun üzərinə gedərək əvvəlcə əlilə baş və sifət nahiyələrinə, daha sonra ayağımla bədən nahiyələrinə vuraraq onu döydüm. Sonra isə yatdım”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Toğrulun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova