Ölkədə qızılca xəstəliyi yayıldıqca suallar da artır. Qaranlıq məqamlardan biri də peyvəndlənmə ilə bağlıdır. Vaxtilə bu xəstəliyə qarşı peyvənd olunmuş və ya yoluxub sağalmış insanlar təkrar peyvənd oluna bilərmi?
Həkim-infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Əgər böyüklər vaxtilə qızılcaya qarşı peyvənd olunublarsa, yenə də təkrar vaksinasiyaya ehtiyac yarana bilər. Çünki peyvəndin qoruyuculuğu 8-10 ildir. Amma bu xəstəliyi keçirib sağalanların təkrar peyvəndlənməyə ehtiyacı yoxdur, çünki artıq onlarda ömürlük immunitet yaranıb bu xəstəliyə qarşı. Şəxsin yoluxub sağaldığı və ya peyvənd olunduğu bilinmirsə, bunu analizlə müəyyən etmək olar”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik Peyvəndlər Təqviminə əsasən və qızılcaya yoluxmalara görə həssas hesab edilən 11- 40 yaşlı şəxslərin peyvənd olunmasını vacib hesab edir. Bildirilib ki, ölkədə qızılcaya qarşı kifayət qədər peyvənd var.
Törə Zeynallı Demokrat.az


