İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. İran və Azərbaycanın Baş prokurorlarının görüşünün nəticələrinə toxunan XİN sözcüsü bildirib ki, bu görüş iki ölkə arasındakı münasibətlərin yaxşılaşamasında və səfirlik məsələsinin həlli istiqamətində birgə səylərinin bir hissəsidir. Bundan başqa Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı yaxın tarixdə məhkəmə keçiriləcək. Tehran vilayətinin Ədliyyə üzrə Baş İdarəsinin rəisi Əli Əl-Qasi Mehr Ali Ədliyyə Şurasının iclasında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işindəki nöqsan və maneələrin aradan qaldırıldığını bildirib.
İran hökumət rəsmilərinin açıqlamalarına münasibət bildirən siyasi şərhçi Sədrəddin Soltan Demokrat.az-a qeyd edib ki, səfirlik bir müddət keçəndən sonra fəaliyyətini bərpa edə bilər:
“Amma Azərbaycanın şərtləri təmin olunmadan səfirliyin açılacağını ehtimal etmirəm. Nasir Kənani yol xəritəsinin nədən ibarət olduğunu da açıqlamayıb. Əvvəlcə elan edildi ki, Tehran prokurorluğu Azərbaycan səfirliyinə terror hücumu etmiş şəxsə qarşı ömürlük həbs cəzasının verilməsini istəyib.
Daha sonra bu işin yarımçıq qaldığına dair açıqlama verdilər. Ona görə də İran tərəfinin verdiyi açıqlamalar etibarlı deyil. Onu da qeyd edim ki, İran tərəfi daim bu cür avantürist açıqlamalar verməklə Azərbaycanın da adından çıxış etməyə çalışır. Amma rəsmi Bakının, Xarici İşlər Nazirliyinin açıqlamalarında nə səfirliyin yaxın vaxtlarda açılmasına, nə də Kənaninin dediyi yol xəritəsinin hazırlanmasına dair məlumat var. İran XİN sözcüsünün açıqlamasını hər iki tərəfin mövqeyi kimi şərh etmək düzgün deyil. Bu məsələdə maraqlı tərəf ilk növbədə Azərbaycan ictimaiyyətidir, odur ki bu barədə açıqlamanı Azərbaycan XİN verməlidir. Kənaninin açıqlaması bizim üçün məqbul sayıla bilməz”.
Törə Zeynallı Demokrat.az


