Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakıda bulvar ərazisində dənizdə gəzinti qayığı batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaş təhlükəli vəziyyətdə qalıb. Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, kiçik həcmli gəmilər suya buraxılarkən onların istismarına dair tələblərə riayət edilməlidir:

“Qanunvericilikdə əksini tapan normativlər düzgün şəkildə təmin edilməlidir. Gəmini idarə edən şəxsin mütləq sürücülük vəsiqəsi olmalıdır. Gəmi texniki baxışdan və dövlət qeydiyyatından keçməlidir. Kiminsə özbaşına qayıqdan istifadəsi yolverilməzdir. Dövlət qeydiyyatından keçən gəmilər hər il texniki baxışdan keçirilir. Kiçik gəmilərin idarə olunmasında əsas məsələlərdən biri hava şəraitidir. Küləyin sürəti saniyədə 5-7 metr, dalğanın hündürlüyü 75 sm-dən yuxarı olarsa, kiçik həcmli gəmilərdən istifadə etmək olmaz. Görmə məsafəsi nəzərə alınmalıdır, əlverişsiz hava şəraitində kiçik gəmilərlə, qayıqla dənizə çıxmaq olmaz. Gəminin texniki təchizatı qaydasında olmalıdır. Səhayətə çıxarkən gəmidə maqnit kompası, GPS vasitələri, xilasedici dairə və jilet, əl fənəri, ilkin tibbi yardım çantası, yanğınsöndürmə balonu olmalıdır. Gəmini idarə edən şəxs qəza, hadisə baş verərsə, sərnişinlərə kömək etməyə borcludur və hadisə barədə aiddiyyəti üzrə dərhal məlumat verməlidir”.
Törə Zeynallı Demokrat.az


