“Bayram ərəfəsində istər paytaxtda, istər regionlarda turizm sektorunda qiymət artımının olması gözləniləndir. Gəlin rezerv sayına baxaq. Bu saat Qusarda oteldə boş otaq tapmaq mümkün deyil. Bu da onu göstərir ki, Bakıda və bölgələrdə otellərdə, restoranlarda yerlər öncədən rezervasiya olunur”.
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib. Onun sözlərinə görə tələbat yüksək olduğu üçün qiymət artımı normaldır:
“İnsanların maddi vəziyyətini düşünürük, bəs niyə bütün yerlər doludur? Hələ də axın davam edir. Əgər sahibkar görsə ki, tələbat yoxdur, bu həddə qiymətlər qoymaz. Tələb-təklif iqtisadiyyatın qızıl qanunudur. Gələn il qiymətlər bundan da baha olacaq, çünki yenə də tələbat çox olacaq.

Mən hər kəsə qrup turlarından istifadə etməyi tövsiyə edirəm. 150-210 manat civarında 1 gecə 2 günlük, 2 gecə 3 günlük turlar var, qiymətlər çox münasibdir. Otellər lüks səviyyədə olmasa da 4 ulduz otellər daxildir bu qiymətə. Bundan başqa qiymətə tur rəhbəri, səhər yeməyi, qala gecəsi, nəqliyyat, gəzintilər də daxildir. Həmçinin uşaqlar, məktəblilər üçün də münasib qiymətə yeni il şənlikləri təşkil edilir. Bu imkanlardan istifadə etmək olar.
Düzü, turizm obyektlərindəki qiymətlərin göstərilən xidmətlərə adekvat olmadığını deyə bilərəm. Çünki digər sahələrdə olduğu kimi ölkədə turizm sektorunda da kadr çatışmazlığıa hələ də var. Xüsusən də pandemiya dövründə turizm ən çox zərər görən sahə olduğu üçün təcrübəli kadrların əksəriyyəti digər sahələrə keçdilər. Yenidən kadr yetişdirmək üçün minimum 3 il lazımdır. Hazırda bu istiqamətdə iş həyata keçiririk”.
Törə Zeynallı Demokrat.az


