ABŞ səfirliyi vətəndaş Tofiq Yaqublunun həbsindən narahatlığını ifadə edib. Diplomatik missiya və cənab səfirin diqqətinə çatdıraq ki, biz də ABŞ səfirliyinin mandat və səlahiyyətinə aid olmayan məsələlərə yersiz müdaxilələrindən, Azərbaycanda cinayət prosesininə, ibtidai istintaq orqanları və ədalət mühakiməsini həyata keçirən hakimlərin müstəqilliyinə və iradəsinə qanunsuz təsir mühiti formalaşdırmaq cəhdindən narahatıq.
Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqanlar isə cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin edir. Eyni zamanda Azərbaycan Cinayət Məcəlləsinin 6.2-ci maddəsinin məzmununda da ifadə olunduğu kimi, heç kim siyasətlə, yaxud digər fəaliyyətlə məşğul olduğuna görə cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz. Səfirlik bu mənada bəyanatlarında diqqətli olmalı, Azərbaycanda cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyini, habelə Azərbaycanda istintaq və təhqiqat orqanlarının peşəkarlığı, Azərbaycan Respublikası məhkəmələrinin müstəqilliyi şübhə altına almağa yönəli bəyanat və cəhdlərdən, habelə, Səfirlik “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının diplomatik nümayəndəliyin funksiyalarını ehtiva edən 3-cü maddəsini rəhbər tataraq, funksiya və səlahiyyətlərinə aid olmayan fəaliyyətlərdən, “qlobal ombudsmanlıq” iddiasından çəkinməli, diqqətini ölkələrimiz arasında münasibətlərin inkişafına yönəltməlidir.
Bəhruz Məhərrəmov Millət vəkili


