Biləsuvar rayonunda 1991-ci il təvəllüdlü Şahin həmkəndlisi Məhəmmədə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 12-də, saat 12 radələrində Biləsuvar rayonu Yuxarı Ağalı kəndində baş verib.
Şahin kənd ərazisində tanışı Məhəmməd ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Şahin Məhəmmədin sifət nahiyəsinə bir-iki dəfə yumruqla vurub.
Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlidir, himayəsində iki azyaşlı övladı var, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır: “Heç kimlə şəxsi ədavəti və qərəzi yoxdur. Məhəmməd həmkəndlimdir, onunla əvvəllər aramızda ədavət və qərəz olmayıb. Normal münasibətlərimiz olub.
Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 12-də, saat 12 radələrində Biləsuvar rayonu, Yuxarı Ağalı kənd ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman həmkəndlisi Məhəmmədlə rastlaşıb: “Həmin vaxt Məhəmməd mənə əsəbi baxdığı üçün ondan əsəbi baxmasının səbəbini soruşdum. Məhəmməd ünvanıma nalayiq ifadələr işlədərək söyüb təhqir etdi. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı Məhəmmədin üz nahiyəsinə bir dəfə, dodaq nahiyəsinə bir dəfə yumruqla zərbə vurdum. Geri çəkilib aralaşmaq istəyən zaman ayağımın büdrəməsi nəticəsində yerə yıxıldım. Ayağa durduqdan sonra sağ əlimdə kəskin ağrı hiss etdiyimdən oradan uzaqlaşaraq yaşadığım evə getdim. Bir neçə dəqiqədən sonra sağ əlimdə şişkinlik yarandı”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məhəmməd bildirib ki, Şahinlə əvvəllər zarafatlaşan zaman narazılıq yaranıb, buna görə də aralarında sözlü mübahisə olub: “Sentyabrın 12-də, saat 12 radələrində yaşadığım kənd ərazisində yol kənarı ilə piyada hərəkətdə olan zaman Şahin ilə rastlaşdım. Onunla yolda rastlaşan vaxt əvvəlki mübahisələrdən əsəbi olduğum üçün ona göz ağardaraq yanından ötərək keçdim. Şahin məni səsləyərək çağırıb yanımdan keçərkən niyə göz ağartdığını soruşdu. Ona “sənə ləzzət eləmir? ” deyə cavab verdim. Şahin “mənə ləzzət eləmir” deyə cavab verdi. Ona “mənə belə ləzət edir ” deyə cavab qaytardım. Şahin söhbət etmək üçün kənara çəkilməyimizi istədi. Bir qədər kənara çəkildik. Şahinlə söhbət edən zaman qəfildən sağ göz nahiyəmə və üz nahiyəmə yumruqla zərbə vurdu. Zərbə nəticəsində başım hərləndi. Şahin ikinci dəfə dodaq nahiyəmə yumruqla zərbə vuraraq xəsarət yetirdi. Həmin zərbədən sonra Şahini özümdən kənarlaşdırmaq üçün yaxasından tutdum. Yumruq zərbəsi vurmaq istəyən zaman Şahin əli ilə yaxamdan tutaraq özünə tərəf çəkdi və qarın nahiyəmə təpiklə zərbə vurdu. Zərbə nəticəsində sancıdan yerə oturdum. Şahin geri çəkilərək oradan aralaşdı”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Şahinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


