Şirvanda yeniyetmələr arasında dava olub. 2009-cu il təvəllüdlü şəhər sakini aralarında yaranmış mübahisə zəminində 2010-cu il təvəllüdlü tanışına bıçaqla xəsarət yetirib. Yaralanan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.
Yeniyetmələrdə aqressiya, nifrət, qəzəb hansı səbəblərdən yaranır? Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, yeniyetməlik xüsusi dövrdür. Bu dövrdə yeniyetmələrlə bir az ehtiyatla davranmaq, həmçinin onlara nəzarət etmək lazımdır:
“Yeniyetməliyin başlanğıcı əvvəl 14 yaşdan sayılırdı, indi isə bu dövr 12-17 yaş aralığını əhatə edir. Bu dövrdə uşaqlar özlərini böyümüş kimi göstərmək istəyirlər, bu zaman da bəzi zərərli vərdişlərə yiyələnirlər. Düşünürlər ki, ata siqaret çəkirsə, demək böyüklərə siqaret çəkmək olar, çünki ailədə siqareti böyüklərin çəkə biləcəyi aşılanır. Daha sonra uşaq dəblə ayaqlaşmaq üçün fərqli geyimlər geyinməyə başlayır, fərqli saç stillərini yoxlayır. Müxtəlif qruplara qoşulurlar, deyirlər ki, mən deistəm, ateistəm. Elə icmalar var ki, yeniyetməlik çağındakı uşaqların əqidəsini tamamilə dəyişə bilir. Bəzən valideynlər övladlarına müəyyən yaş aralığında bəzi şeyləri etməyə icazə vermirlər. Uşaq bir qədər böyüdükdən sonra artıq valideyndən icazə də almır. Övladımıza nəyisə icazə vermiriksə, bunun səbəbini də izah etməliyik”.
Ekspert bildirib ki, bu dövrdə uşaqların nə yediyinə, içdiyinə, kimlərlə dostluq etdiyinə, nələrə maraq göstərdiyinə diqqət etmək vacibdir:
“İndiki valideynlər yalnız bir məqsədlə yaşayırlar – “uşağım universitetə girməlidir”, sanki yarışa çıxıblar. Valideyn elə bilir ki, uşağı universitetdə oxusa, digər işlərlə məşğul olmayacaq və ya hazırlığa gedirsə, 24 saat əlində kitab olmalıdır. Yeniyetmənin hər günü planlı olmalıdır, valideyn də bilməlidir ki, bu gün uşağı hara gedəcək. Valideyn bilməlidir ki, uşağı telefonda nəyə baxır, nəyə meyl edir, sosial şəbəkələrdə kimlə tanış olur, danışır. Bəzən internet oyunları və sosial şəbəkələrdə tanışlıqlar uşaqların formalaşmasına mənfi təsir edir, onlarda aqressiya yaradır, zərərli vərdişlərə aludə edir.
Yeniyetmələrin qəbul etdiyi qida və içkilərə də nəzarət etmək lazımdır. Çox “fast food” yemək və qazlı içkilər içmək onlarda aqressivlik yarada bilər. Valideyn övladı ilə dost olmalıdır, onu uğursuzluqları ilə də qəbul etməlidir. Valideyn uşağın gələcəyini onunla birlikdə düşünməlidir, öz istəkləri əsasında nəyəsə qərar verməməlidir. Övladında səhv görəndə onu danlamamalı, təhqir etməməlidir, özünü onun yerinə qoyub yaş xüsusiyyətlərini nəzərə almalıdır. Uşağa sərbəstlik yox, azadlıq verməliyik. Bəzən uşaqlar bu anlayışları qarışdırırlar. Sərbəst buraxılan, nəzarət edilməyən uşaq nə bilir, onu da edir”.
Törə Zeynallı Demokrat.az


