Sosial Özəl

Ekspert: “Havalar istiləşir, əhalini ərzaqla təmin etmək lazımdır, kimə ümidliyik?!”

Ekspert: “Havalar istiləşir, əhalini ərzaqla təmin etmək lazımdır, kimə ümidliyik?!”

Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub ki, yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığı 2060-cı ilədək orta hesabla 14-20 faiz azalacaq. Yüksək dəyərə malik bitkilərdə isə daha çox azalma müşahidə ediləcək. Hesabatda o da bildirilir ki, hazırda ölkədə suvarılan bitkilər də su çatızmazlığı riski ilə üz-üzədir. Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizindən çoxunun, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun məhvi ilə nəticələnəcək. Heyvandarlığın da oxşar tendensiyaya məruz qalacağı gözlənilir. Nəticədə bunlar mal-qaranın sağlamlığına birbaşa təsir edəcək.

Problemi Demokrat.az-a açıqlamasında şərh edən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, əsasən, dağlıq və dağətəyi rayonlarda yağış suları hesabına həm örüş əraziləri, həm də əkin sahələrinin suya olan tələbatı ödənilirdi, suvarmaya ehtiyac yaranmırdı:

“İndi isə qlobal istiləşmə ciddi təsirini göstərməkdədir. Ölkədə heyvandarlıq məhsullarının istehsalında kəskin azalma var, Dövlət Statistika Komitəsinin rəqəmləri bunun əksini desə də. Bu ilin 9 ayı ərzində ölkəyə 300 min başdan çox xırdabuynuzlu heyvan idxal olunub.

Bu vaxta qədər belə hal olmamışdı. Heyvan idxalının artımı bu məsələdə böyük gerimələrin olduğundan xəbər verir. Keçən il 60 milyon dollar dəyərində diri heyvan idxal olunub, bu il isə 95,6 milyona çatıb rəqəm. Bu da rekord göstəricidir. Şəki və Quba rayonları ilə bağlı apardığım araşdırma nəticəsində heyvandarlıq məhsullarının ciddi şəkildə azaldığı, baş sayının kəskin aşağı düşdüyü məlum oldu.

Əlverişli ərazilərdə suvarmanı təşkil etmək lazımdır. İndi yağış, qar əvvəlki kimi yağmır, intensiv yağışlar yağır. Su dayanmır, qısa müddətdə çəkilir, uzun müddət ərzində yağıntılar olmur. Bunları nəzərə alaraq hələ 10 il bundan əvvəl hökumətə təkliflər vermişdik ki, qlobal istiləşmə nəticəsində əksər rayonlarda yağıntılar iqlim normasına uyğun olmayacaq. Borular vasitəsilə suyu dağlara qaldırmaq lazımdır, suvarma işləri bu cür təşkil edilə bilər. Əksər ölkələrdə bu üsul tətbiq olunur. Havalar getdikcə istiləşir, əhalini ərzaqla təmin etmək lazımdır, kimə ümidliyik?!”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az