Gündəm Özəl

“Xəstəliyin spesifik müalicəsi yoxdur” — Qızılcaya yoluxan şəxs bunları bilməlidir

“Xəstəliyin spesifik müalicəsi yoxdur” — Qızılcaya yoluxan şəxs bunları bilməlidir

Son günlər bəzi rayonlarda qızılca virusuna yoluxma halları aşkarlanıb. Kürdəmir rayonunda yoluxma hallarından sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına da qızılca xəstəliyi ilə bağlı 10 nəfər müraciət edib. TƏBİB-dən bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında tələbələr qızılca virusuna yoluxub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra izolyasiya şəraitində ambulator müalicə üçün evə buraxılıblar. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır. Rayonda epidemioloji vəziyyət stabildir.

Həkim-pediatr Rita Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, qızılca xəstəliyi süzülən viruslar tərəfindən törədilir, əsasən yuxarı tənəffüs yollarından hava-damcı yolu ilə (burun və ağız) keçir:

“Virus mənşəli xəstəlik olduğu üçün 6-17 gün müddətində gizli davam edir, sonradan üzə çıxır. Yüksək temperaturla başlayır, xəstədə 39-40 dərəcə hərarət müşahidə edilir. Gözlərdə konyuktivit yaranır, xəstə işığa baxa bilmir, güclü baş ağrıları, burunda selik ifrazı olur. Xəstəlik əsasən yuxarı ətraflardan, baş nahiyəsindən başlayır. Bədən üç günə mərhələli şəkildə səpir. Bədəndə səpkilər görünməmişdən əvvəl ağızda ağ səpkilər əmələ gəlir, daha sonra dəridə başlayır. Səpkilər məxmər kimi, bir-birinə birləşməyə meyilli olur. İkinci gün gövdəyə, üçüncü gün aşağı ətraflara yayılır. Solanda isə aşağıdan yuxarıya doğru itməyə başlayır. Qırmızı məxmər şəkilli ləkələr qəhvəyi rəng almağa başlayır, daha sonra kəpəklənir”.

Həkim xəstəliyin müalicəsi üsulları barədə də məlumat verib:

”Xəstəni izolyasiya edib, ev şəraitində də müalicə etmək olur. Ağır keçirəndə isə xəstəxanaya yerləşdirmək lazım gəlir. Spesifik müalicəsi yoxdur, amma immuniteti qaldıran, allergiya əleyhinə dərmanlardan istifadə edilir. Xəstə çoxlu maye qəbul etməli, soyuqdan qorunmalıdır. Qızılcaya 1-4 yaşlı uşaqlarla daha çox rast gəlinir. Böyüklərə də keçmə ehtimalı var və daha ağır keçir. Bir dəfə qızılca keçirən adamda artıq immunitet yaranır və daha bu xəstəliyə yoluxmur. Qızılcaya yoluxan anadan körpəsinə südü ilə passiv immunitet ötürülür, 3 aylığına qədər uşaq xəstəliyə yoluxmur. 9 aya qədər nadir hallarda ola bilər ki, xəstələnsin. 9 aydan sonra uşaqda immunitet getdikcə azalır və yoluxma riski artır”.

Son olaraq R.Həsənova onu da əlavə edib ki, Kovid-19 virusundan sonra qızılcaya yoluxma hallarında artım müşahidə edilir:

“Əvvəllər daha çox yaz aylarında qızılcaya yoluxma halları baş verirdi, indi payız aylarında da müşahidə edirik. Bir yaşına çatanda uşağı peyvənd etdirirlər, ikinci peyvənd isə 6 yaşında olur, buna revaksinasiya deyilir. Peyvənd olunan uşağa 21 gün ərzində nəzarət olunur, yüngül qızdırma ola bilər. Peyvənd ona görə edilir ki, uşaq virusa yoluxmasın, yoluxsa da yüngül keçirsin. Uşaq vaxtı peyvənd olunan şəxs qızılca keçirməyibsə, ehtimal az olsa da sonradan xəstəliyi keçirə bilər, amma ağır formada olmayacaq.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova