Gündəm Özəl

"Çingiz Abdullayev natamam adamdır, məhkəmə qərarı ilə alacağı təzminatı..." — Orxan Saffari

Çingiz Abdullayev natamam adamdır, məhkəmə qərarı ilə alacağı təzminatı... — Orxan Saffari

ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırması media və ədəbiyyat nümayəndələri tərəfindən müzakirə olunmaqdadır. Fikirlərsə müxtəlifdir. Aparıcını tənqid etməklə bərabər, yazıçının onu məhkəməyə verəcəyi barədə açıqlaması da birmənalı qarşılanmayıb.

“Bizim yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həzi də məsələyə münasibət bildirib. O, sosial hesabında yazıb ki, Çingiz Abdullayev kimi imkanları, əlaqələri olan bir şəxs bu sözün üstünə bu qədər aqressiv şəkildə getməməlidir:

“Ona qalsa, Yazıçılar Birliyinin o qalmaqallı qurultayında jurnalisti təhqir etdiyinə görə Çingiz Abdullayev gərək həbsdə olaydı. Mən aparıcıya haqq qazandırmıram, ancaq əli yuxarıların ətəyində olan, böyük resurslara sahib birinin də bir kəlmənin ucundan tutub ucuzluğa getməsini doğru saymıram. Eyni zamanda hesab edirəm ki, bizim cəmiyyət Çingizi unutsa, yaxşı olar. Kitablarını oxumayın, məsələ bitsin.

Ondan niyə nəsə umursan ki, niyə də küsəsən?!”

Yazıçı Orxan Saffari də aparıcının qalmaqallı çıxışına Demokrat.az-a açıqlamasında mövqeyini bildirib:

“Aparıcıya haqq vermirəm, düz etməyib, bu öz yerində. Amma yazıçı belə sözə görə məhkəməyə şikayət edəcək ən axırıncı adam olmalıdır. Sən yazıçısan, bax, gör ki, dünyanın harasında, elə Azərbaycan olsun, hansı yazıçı, şair efirdə təhqir olunub deyə məhkəməyə verib?! Əksinə, böyüklükdən susub. Yazıçı özü və əsərləri təhqir olunub deyə məhkəməyə verməməlidir. Bu özünü gözdən salmaqdır. Əkrəm Əylislinin də birbaşa üzünə çox söz deyirdilər, gərək özünü öldürəydi onda.

Çingiz Abdullayev natamam adamdır. Məhkəmə qərarı ilə alacağı təzminatı şəhid ailələrinə verəcəyini deməsi də xal qazanmaqdır. Mən də bu fikirdəyəm ki, əsərləri mənasızdır, bu hərəkəti də mənasızdır.

Məni də məhkəməyə versin bu sözümə görə. Onun kimi natamam adamlar daim cəmiyyətdə tənqidlərə, təhqirlərə tuş gələcək. Əsərlərini oxuyanlar da rusdilli ədəbiyyat bilgisi olmayan barmaqla sayılacaq qədər adamdır.

Deyirlər, dünya şöhrətli yazıçımızdır, müharibə zamanı vətəni müdafiə edib. Nə edək?! Etməli idi, edib. Elə problem odur ki, ziyalımız kimi dünyada tanınan odur. Cəmiyyətin əksəriyyəti heç onu ciddi qəbul etmir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova