Dünya Özəl

“Sülhməramlıların bölgəyə yerləşdirilməsi fələstinlilərin xeyrinə olmayacaq” — AÇIQLAMA

“Sülhməramlıların bölgəyə yerləşdirilməsi fələstinlilərin xeyrinə olmayacaq” — AÇIQLAMA

Qəzza zolağına sülhməramlı kontingent göndərilə bilər. ABŞ və avropalı müttəfiqləri hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağına beynəlxalq sülhməramlı qüvvələrin cəlb edilməsi ideyasını irəli sürür.

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, “Bloomberg”in yaydığı məlumatda ABŞ və Avropa İttifaqının bu əməliyyatın həyata keçirilməsinin çətin olacağını qəbul etdikləri, həmçinin İsrailin də buna şübhə ilə yanaşacağı, lakin bu ideyanın müzakirəsinin belə Təl-Əvivi hərbi kampaniyanı tez bir zamanda dayandırmağa sövq edə biləcəyi qeyd olunur.

“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə MəmmədovaDemokrat.az-a açıqlamasında bildirib ki, Qəzza zolağında gedən müharibə İsrail və ABŞ-nin uzun müddətdir həyata keçirmək istədiyi planın tərkib hissəsidir:

“İsrail ABŞ ilə razılaşdırmaqla Qəzzada liman tikmək və yeni iqtisadi zona yaratmaq istəyir. Daha əvvəl Həmas bölgədə olduğu üçün oraya daxil ola bilmirdilər. Fələstin-İsrail müharibəsindəki beynəlxalq qüvvələrin arasında ABŞ daha çox rol oynayır. Müharibənin getdikcə qızışdırılması və Fələstin dövləti ilə birgə xalqının da yox edilməsi bu qüvvələrin maraqlarına xidmət edir”.

“Sülhməramlıların bölgəyə yerləşdirilməsi fələstinlilərin xeyrinə olmayacaq” — AÇIQLAMA

Ekspertin sözlərinə görə, sülhməramlı qüvvələr NATO və ABŞ qüvvələri ola bilər ki, onların da bölgəyə yerləşməsi üçün ərəb dünyasının razılığı lazımdır:

“Daha neytral mövqeyinə görə Türkiyə qüvvələri sülhməramlı missiyasını yerinə yetirə bilərdi. Ancaq onu da İsrail qəbul etməyəcək, çünki Türkiyə İsrailə qarşı böyük kampaniya yürütdü. ABŞ və Avropa qüvvələrindən ibarət sülhməramlıların bölgəyə yerləşməsi fələstinlilərin xeyrinə olmayacaq, İsrailin xeyrinə ola bilər.

Düşünmürəm ki, İsrail yaxın zamanda müharibəni dayandırsın. Çünki cənub-şərqdəki xəritələri dəyişmək üçün əlinə böyük fürsət düşüb. Sülhməramlı qüvvələr gəlsə belə İsrail müharibəni dayandırmayacaq”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzza zolağında sülhməramlıların yerləşdirilməsi ilə bağlı ilkin müzakirə aparılıb. 1948-ci il müharibəsindən sonra Fələstin və İsrail arasında sülh sazişlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün 1949-cu ildə yaradılmış Atəşkəsə Nəzarət Təşkilatının (UNTSO) rolunu genişləndirmək mümkün variantlardan biri kimi nəzərdə tutulur.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova