Xarici siyasət Özəl

“Ermənistan rəsmilərinin açıqlamaları inandırıcı deyil” — İlin sonuna qədər sülh müqaviləsi imzalana bilərmi?

“Ermənistan rəsmilərinin açıqlamaları inandırıcı deyil” — İlin sonuna qədər sülh müqaviləsi imzalana bilərmi?

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunub.

Simonyan iki ölkə arasında sülh müqaviləsinin bu ilin sonuna qədər imzalanmasını mümkün hesab edib. Onu da deyib ki, hansısa qurumların formalaşdırılması cəhdləri birbaşa təhdid və Ermənistanın təhlükəsizliyinə zərbədir.

Politoloq Elşad Həsənovun sözlərinə görə sülh müqaviləsinin bağlanmasının mümkünlüyünü Baş nazir Nikol Paşinyan da dəfələrlə bildirib. O, Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi nə qədər buna hazır olduqlarını bildirsə də nəticə hasil olmayıb, Fransanın təhrikləri ilə məsələ uzanır:

“Ermənistan rəsmilərinin açıqlamaları artıq inandırıcı deyil. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz çıxışında qeyd etdi ki, sentyabrın 11-də sülh müqaviləsinin şərtlərinə düzəlişlər edilib və qarşı tərəfə təkliflər verilib. Artıq 2 ay keçib, lakin Ermənistan dövlətinin cavabı gecikir, buna baxmayaraq, hər yerdə açıqlama verirlər ki, ilin sonuna qədər sülh imzalana bilər.

Görünən odur ki, Ermənistan tərəfdaşları, xüsusən də böyük bacısı Fransa tərəfindən silahlandırılır, artıq bəzi hərbi vasitələr tədarük edildi. Bu, ilk növbədə sülh müqaviləsinin bağlanmasının uzanmasına, sülhün əldə olunmasına mane olmağa yönələn proseslərdir. Bundan başqa Ermənistan beynəlxalq tribunalardan Azərbaycana qarşı olmazın ittihamlar irəli sürür. Guya Azərbaycan Qarabağdakı erməni əhalini etnik təmizləməyə məruz qoyub.

İşğaldan azad edilmiş ərazilərdə suverenliyimizi bərpa etmişik, Ermənistanla problemimiz yoxdur. Problem odur ki, Ermənistan 2020-ci il noyabr bəyannaməsinə əsasən Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizin açılması məsələsini uzadır. Buna baxmayaraq, biz İran üzərindən həmin yolun açılmasına razılıq vermişik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova