Sosial Özəl

"Universitetlərdə müəllimlərin əməkhaqqı məsələsi bundan asılıdır" — Ekspert

Universitetlərdə müəllimlərin əməkhaqqı məsələsi bundan asılıdır — Ekspert

Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib ki, bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır. O bildirib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır:

“Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Hazırda bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır. Bu ziddiyyət aradan qaldırılmalıdır. Universitetlərin tədqiqatyönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”.

Mövzu ilə bağlı Demokrat.az-a fikirlərini bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri deyib ki, ali təhsil müəssisələrinin maliyyələşməsi prinsipi vacib məsələdir:

“Vahid maliyyələşmə metodikası universitet üçün vacibdir. Belə ki, müəllimlərin əməkhaqqısını da, digər texniki-maliyyə məsələlərini də bu həll edir. Universitetlərimizi bu istiqamətdə geri salan səbəblərdən biri də adambaşına maliyyə sisteminin olmamasıdır. Ümumiyyətlə, dünyada universitetlərin dövlət tərəfindən maliyyələşdirilməsi iki metodla aparılır. Birincisi, universitetlərin nəticələrinə görə, ikincisi isə bir tələbəyə sərf olunacaq müəyyən məbləğ üzrə, yəni tələbərin ümumi sayı qədər universitetlərə maliyyə ayrılır. Adambaşına maliyyə sisteminin ədalətli və obyektiv tərəfi məhz budur”.

Universitetlərdə müəllimlərin əməkhaqqı məsələsi bundan asılıdır — Ekspert

Ekspert qeyd edib ki, tələbələrin gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişməsi üçün ölkəmizdə bu sistem daha yüksək səviyyədə tətbiq olunmalıdır. Hər bir ixtisasın xüsusiyyətləri nəzərə alınmalıdır:

“Məsələn, Kanada, Böyük Britaniya, Fransa, İsveç, Norveç, Yaponiya kimi ali təhsil sisteminin yüksək inkişaf etdiyi ölkələrdə bu metoddan istifadə edilir. Düzdür, nəticələr üzrə maliyyələşdirmə sistemi də bəzi ölkələrdə tətbiq olunur, amma bu artıq öz populyarlığını itirib. İl ərzində universitetdən uğurlu göstəricilərlə məzun olanların sayı, əmək bazarını nə dərəcədə təmin etməsi müəyyənləşdirilir və buna görə maliyyə ayrılır. Biz bunu tətbiq etsək, nəticə elə də ürəkaçan olmaz. Etiraf edək ki, əksər universitetlərimizin maliyyələşməsi aşağı düşər. Bu da öz növbəsində tək professor-müəllim heyətinin deyil, texniki heyətin də əməkhaqqısının aşağı düşməsinə gətirib çıxarar. Ceyhun Məmmədov buna görə də çox gözəl təklif irəli sürüb.

2010-cu ildə dövlət tərəfindən universitetlərin maliyyələşdirilməsi üçün məhz adambaşına maliyyələşmə sisteminin tətbiq edilməsi müəyyənləşdirildi. Lakin məsələ bu gün gündəmə gəlirsə, demək, bunun tətbiqi elə də uğurlu alınmayıb. Belə olsaydı, bu, maaşlara da təsir edərdi. Bəzi universitetlər publik hüquqi şəxs statusu daşıyır, özünü maliyyələşdirmə azadlığı var, əməkdaşlarının əməkhaqqısını müəyyənləşdirmək də universitet rəhbərliyinin səlahiyyətindədir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova