Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini ötüb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Endokrinoloq Lamiyə Nəbibəyli Demokrat.az-a açıqlamasında deyib ki, dünyada diabet xəstələrinin sayı durmadan artır:
"Statistik olaraq nə qədər diabet xəstəsi varsa, bir o qədər də diabet xəstəsi olduğundan xəbərsiz olan insanlar var. Ona görə də diabet risk qrupuna aid insanlar müayinə olunmalıdırlar ki, xəstəliyi vaxtında aşkar edib, onunla mübarizə aparsınlar. Araşdırmalar onu göstərir ki, vaxtında və düzgün müalicə taktikası pasientlərin ömürünü artırır".
Həkim risk qrupuna kimlərin aid olduğunu da açıqlayıb:
"40 yaşdan yuxarı kəslər, çəkisi normadan artıq və piylənməsi olan insanlarda ( yaşın fərqi yoxdur) yanaşı bu hallar varsa - birinci və ikinci dərəcəli qohumlarda şəkərli diabet varsa; arterial təzyiqi 140/90 mmHg -dan yüksək olan insanlar; dislipidemiyali pasientlər ( HDL<35mg/dl vəya Trigliseridlər >250 mg/ dl); yumurtalıqların polikistozu sindromu olan qadınlar; 4,5 kq-dan yuxarı dünyaya uşaq gətirən analar; insulin rezistentliyi olan insanlar ( insulindirənc); ürək,beyin və arterial damarların xəstəliyi olan insanlar; oturaq həyat tərzi keçirən və ya fiziki aktivliyi az olan insanlar; rasionunda yağlı qidalanmaya üstünlük verənlər; uzun müddət steroid preparatlar qəbul edənlər diabet riskini daşıyırlar. Bundan başqa daha öncə prediabeti aşkarlanan insanlar (piylənməsi olan uşaq və yeniyetmələrdə 10 yaşından etibarən hər 2 ildən bir) da risk qrupuna daxildir.
Onu da qeyd edim ki, yalnız ac qarına qanda şəkəri yoxlamaq bu xəstəliyi inkar etmək üçün kifayət deyil . Ona görə də qlükozaya qarşı tolerantlıq testi və ya daha rahat müayinə üsulu olan qlikohemoqlobin( HbA1c) analizinə ehtiyac var. Bu analizə pasiyentlər 3 aylıq şəkər analizi də deyirlər, yəni pasiyentdə son 3 ayda hansı şəkər dəyərləri olub".
Törə Zeynallı Demokrat.az


