Sosial Özəl

“Təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlərin digər işlərə təyini doğru deyil” — Ekspert

“Təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlərin digər işlərə təyini doğru deyil” — Ekspert

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 141 müəllim təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyib. Buna görə də onların əmək müqaviləsinə xitam verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb.

Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb. Həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər işlərlə təmin edilib.

Təhsil eksperti Elşən Qafarov hesab edir ki, həmin müəllimlərin məktəblərdə digər işlərə təyin olunması yanlışdır.

O, Demokrat.az-a açıqlamasında deyib ki, kitabxanaçı və laborant işlərinə də təyinat imtahanla olmalıdır:

“Əgər müəllimlərin işə qəbulu müsabiqəylə həyata keçirilirsə, onların kitabxanaçı və laborant işlərinə qəbulu da müsabiqə ilə aparılmalıdır. Həmin şəxslər sertifikasiyadan ona görə kəsiliblər ki, onların bilik və bacarıqları müəllimlik üçün yetərli deyil.

Bakı şəhəri üzrə məktəblərdə kitabxanaçı və laborantlar imtahanla işə qəbul olurlar, bu vəzifələrə sonradan təyin olunan müəllimlər də müvafiq sahə üzrə imtahan verməlidirlər. Sertifikasiyadan kəsilənlər yenidən işə götürülür fikri yaranmamalıdır. Onsuz da həmin şəxslərin bu vaxta qədər təhsilimizə və cəmiyyətə vurduqları ziyan ölçülməzdir.

Sertifikasiya sualları kifayət qədər sadə idi. Bunları cavablandıra bilməyən şəxslər indiyə qədər necə məktəbdə işləyiblər?!

Dövlət onların işləmək hüququnu məhdudlaşdırmır. Yenidən hazırlaşsınlar, müəllimlərin işə qəbulu imtahanında iştirak etsinlər. Bilik və bacarıqlarını artırıb, imtahandan uğur qazansalar, yenidən müəllimlik fəaliyyətlərinə davam edə bilərlər”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az