Astara rayonunda 2001-ci il təvəllüdlü Vahid qonşusu Yusifə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kakalos kəndində baş verib.
Vahid kənddə “abidə” deyilən yerə gedən ara yolda qonşusu Yusiflə mübahisə edib. Mübahisə zamanı Vahid Yusifin üz nahiyəsinə yumruqla iki dəfə vurub.
Daha sonra Yusif yerə yıxılıb. Bu zaman Vahid onun baş nahiyəsinə təpiklə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-cü ilin avqustun 8-də, saat 12 radələrində Kakalos kəndində "abidə"nin yanı ilə ara yolla mağazaya getdiyi zaman həmkəndlisi Yusifin kənarda oturduğunu görüb: “Yusifinn hərəkətlərindən sərxoş olduğu hiss olundu. Yanından keçəndə Yusuf mənimlə zarafat etməyə başladı. Zarafatından xoşum gəlmədiyi üçün Yusifə iradımı bildirdim. İrad bildirməyim Yusifin xoşuna gəlmədiyi üçün mənə qarşı nalayiq ifadə işlətdi. Bu səbəbdən də aramızda mübahisə baş verdi. Yusifin üz nahiyəsinə yumruqla vurdum. Yusif sərxoş olduğundan müvazinətini itirərək yerə yıxıldı. Yıxıldıqdan sonra təpiklə başına zərbə vurdum və hadisə yerindən uzaqlaşaraq getdim”.
Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Vahid aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlik Demokrat.az


