Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi” müzakirə olunub. İclasda regionların sosial-iqtisadi vəziyyəti ilə bağlı fikir mübadiləsi də aparılıb, təkliflər səsləndirilib. Deputat Fazil Mustafa deyib ki, Bakıda yeni tikilən sənədsiz evlərə hər hansı kommunikasiya vasitələrinin çəkilməməsi vətəndaşların regionlara qayıdışını təmin edə bilər, amma öncə onların sosial-iqtisadi problemləri həll edilməlidir. Yeniliyə görə cari ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmasa, onlar elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Deputatın fikrincə bu, vətəndaşların regionlara qayıdışını təmin edə bilər. O əlavə edib ki, Naxçıvan əhalisinin çoxu Bakıdadır, onların qayıdışı üçün iş yerləri açılmalıdır:

“Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident tərəfindən Dövlət Proqramı qəbul edilib. Amma bu proqram nə vaxt reallaşacaq? Hələ İran yolu açılmayıb, təyyarə qiymətləri bahadır. Bir yüngülləşdirici hal odur ki, Naxçıvan qeydiyyatında olan insanlar Türkiyəyə gedə bilirlər. Amma bütün xəstə və tələbələr üçün quru sərhədləri ilə gediş-gəlişinə icazə verilməlidir. Digər tərəfdən, dövlət proqramlarının sadəcə maliyyə göstəriciləri deyil, keyfiyyət, səmərəlilik göstəriciləri barədə məlumat verilməlidir. Məsələn, narkomaniya. Narkomanların sayı artmaqdadır. Bəs bu sahədə Dövlət Proqramının nəticəsi nə olub?”, F.Mustafa vurğulayıb.
Məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da fikirlərini bölüşüb. O qeyd edib ki, "Böyük Qayıdış" təkcə azad olunmuş ərazilərə deyil, Azərbaycanın bütün bölgələrinə olmalıdır:
“Bölgələrdə demoqrafik balans pozulub. Hökumət böyük şəhər siyasətini işə salmalıdır. Türkiyədə şəhərləşmə siyasəti var, bu, bizdə də olmalıdır”.
Demokrat.az regionların sosial-iqtisadi vəziyyətində mövcud problemlərin səbəbləri və həlli yolları barədə ekspertlərin fikirlərini öyrənib.
Sosioloq Elçin Bayramlının sözlərinə görə, region əhalisinin paytaxta axışması iqtisadi və sosial səbəblərlə bağlıdır:

“Bölgələrdə işsizliyin səviyyəsi artıb, bahalaşma və inflyasiya həddən artıqdır. İnflyasiya artdıqca əhalinin gəlirləri iki dəfə azalır. Sosial müdafiə paketləri isə zəifdir, sosial yardımlar bunu kompensasiya etmir təəssüf ki. Regionlarda təsərrüfat problemləri həllini tapmaq bilmir. Vəziyyət ağırlaşmağa davam etdikcə regionlardan insanlar da çıxış yolunu paytaxtda görəcək”.
Ekspert onu da deyib ki, urbanizasiyanın maksimum həddə olması ölkədə demoqrafik problemlər və sosial-iqtisadi disbalans yaradır:
“Hökumət regionlarda məşğulluq problemlərini həll etmək üçün konkret tədbirlər görməlidir. Aqrar sektorun inkişafı və azad sahibkarlıq mühitinin inkişaf etməsi üçün mövcud maneələr aradan qaldırılmalıdır. Həmçinin regionlarda vergi aministiyası elan olunmalı, əhalidən bir neçə il vergi alınmamalıdır. Regionlarda kiçik sahibkarlara güzəştlər edilməlidir. Hazırda, sadələşdirilmiş vergi regionlarda da, paytaxt da 2 faiz həcmindədir. İri sahibkarların da, hansısa kənddə market işlədən vətəndaşın da eyni faizdə vergi verməsi ədalətli deyil. Regionlarda insanlar kiçik biznes qursa, dövlətdən asılılıqları da azalar. Bunun üçünsə özünüməşğulluq proqramı düzgün həyata keçirilməlidir. Bununla ünvanlı sosial yardımlar da ləğv edilə bilər, dövlətin yükü də azalar. İşsizliyin azalması ilə regionlarda təsərrüfat və kiçik biznesin inkişafına təkan verəcək”.
Elçin Bayramlı kənd təsərrüfatının problemlərinə də toxunub:
“Əkin sahəsi, mal-qarası olan insanlar əllərindəkini satıb, şəhərə gəlirlər. çünki təsərrüfatlarında işləmək onlara problemlər bahasına başa gəlir. Su qıtlığından əziyyət çəkirlər, torpağı əkib-becərmək üçün gübrə, dərman almaq kəndliyə baha başa gəlir. Kəndli məhsulunu bazara çıxara bilmir. Kənd təsərrüfatı inkişaf etmədiyi üçün ölkə idxaldan asılı vəziyyətə düşür, bu da iqtisadiyyatın zəifləməsinə gətirib, çıxarır”.
İqtisadçı ekspert Xalid Kərimli də hesab edir ki, rayonların sosial-iqtisadi vəziyyətini təhlil etmək və müvafiq addımlar atmaq dövlətin qarşısında duran vacib məsələlərdəndir:
“Qarabağ və Şərqi Zəngəzura qayıdışı təmin etmək, çiçəklənmə görmək istəyiriksə, ilk növbədə digər rayonlarda sosial-iqtisadi rifaha nail olmalıyıq. İnsanlar hər zaman iş tapa biləcəkləri yerlərdə yaşamağa üstünlük verirlər. Regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması nə qədər vacibdirsə, bir o qədər əhəmiyyətli digər məsələ isə Bakı şəhərinin düzgün planlaşdırılmasıdır. Rəsmi rəqəmlərə görə Bakıda 2 milyondan bir qədər artıq əhali yaşayır, qeyri-rəsmi rəqəmlər isə bu sayın 3 milyon olduğunu deyir, bəlkə bir az da artıq. Bakıdan dəfələrlə böyük dünya şəhərləri var ki, orada hərəkət çətinliyi, sosial çətinliklər yoxdur”.

İqtisadçı deyib ki, ölkədə sahibkarlıq mühiti yaxşılaşdırılmalıdır:
“Sahibkara deyə bilmərik ki, filan regionda iş yeri aç, biznes qur. Bunu niyə etməlidir? Adı üstündə, bu adam sahibkardır, o, iş yeri açanda iki məsələyə baxır – satış bazarlarına və resurslara yaxınlıq. Satış bazarı Bakıda daha yaxşıdır, daha çox alıcı var və alıcılıq qabiliyyəti də regionlardan yüksəkdir. Resurslara gəldikdə isə təbii resurslar daha çox bölgələrdə cəmləşsə də, işçi qüvvəsi azdır. Sahibkar məcbur olub, Bakıdan işçi aparacaq, bu da daha baha başa gələcək. Mənfəət olmasa, sahibkar rayonda heç vaxt iş qurmaz.
Zahid Orucun dediyində həqiqət olsa da nəzərə almalıyıq ki, əhalinin əvvəlki strukturu Sovet dövrünün inzibati planlaması əsasında formalaşmışdı. Ehtiyac varsa, yeni rayonlaşmaya gedilməlidir, yeni inzibati strukturlar yaradılmalıdır. Məcbur deyilik ki, filan rayonda filan qədər insanın məskunlaşmasını təmin edək. İnsanların sıx məskunlaşdığı yerlərdə daha yaxşı sosial-iqtisadi həyat şəraiti yaratmalıyıq. Hökumət iqtisadi biznes mühitini, rəqabəti yaxşılaşdırmalıdır ki, insanlar bizneslə məşğul olanda qazansın, itirməsin”.
Törə Zeynallı Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi mövzusunda yayımlanır.


